Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Moderator.az-ı ADP-nin mətbuat xidməti məlumatlandırıb. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi proseslərə münasibət bildirilib.
İdarə Heyəti ilk növbədə Azərbaycanla Avropa şirkətləri arasında “Şahdəniz-2” sazişinin Imzalanması məsələsinə münasibət bildirib və bu nəhəng transmilli layihənin ölkəmizin sosial-iqtisadi inkişafı, Avropa ilə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması, habelə Avroatlantik məkana inteqrasiya olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Bu cür transmilli layihələrin həyata keçirilməsində milli maraqların öndə tutulmasının vacibliyinə diqqətə çəkən partiya yetkililəri hakimiyyəti bundan əvvəlki illərdə bağlanan kontraktların reallaşmasında buraxılan səhvləri təkrar etməməyə, partnyorlara edilən iqtisadi güzəştlərdən milli problemlərin, o cümlədən Qarabağ probleminin həllində səmərəli istifadə etməyə, ölkəmizə dəyə biləcək ekoloji ziyanların kompensasiya olunmasına zəmanət almağa, layihə üzərində şəffaflıq və ictimai nəzarətin təmin olunmasına və iqtisadi mənafelərlə yanaşı ölkəmizdə demokratiya, insan haqları və qanunun aliliyi prinsipinin qorunması şərtlərinə əməl etməyə çağırıb.
İdarə Heyəti Naxçıvan Muxtar respublikasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə bağlı məsələyə münasibət bildirib və xüsusi statusa malik belə bir ordunun bir başa müdafiə nazirliyinin nəzdində deyil, region üzrə yaradılmasından narahat olduğunu ifadə edib. Partiya rəsmiləri istər bu addımın, istərsə də bundan əvvəl muxtar respublikaya dövlətin unitar yapısına zidd dövlət statusu verilməsi ilə bağlı atılan addımların yol verilməz olduğunu qeyd edib və mərkəzi hakimiyyətlə bağları zəiflədən bu hərəkətlərin ermənilərin Dağlıq Qarabağla bağlı separatçı istəklərinə birbaşa zəmin yaratdığını diqqətə çatdırıb.
Milli Məclis üzvlərinin maaşlarının artırılması ilə bağlı məsələyə münasibət bildirən İdarə Heyəti əhalinin əksər kütləsinin minumum yaşayışla uyğun gəlməyən əmək haqqının həddən artı aşağı olduğu bir vaxtda millət vəkillərinin maaşlarının artılmasını siyasi əxlaqa zidd bir addım kimi dəyərləndirib və hakimiyyəti iqtisadi böhranlar zamanı dövlət məmurlarının maaşlarının azaldılması ilə bağlı sivil dövlətlərin atdığı addımlardan örnək almağa çağırıb.
İdarə Heyəti ölkədə yanacağın qiymətinin qalxmasından sonra ərzaq və digər gündəlik təlabat mallarının qiymətinin sürətlə qalxmasından, ayrı-ayrı möhtəkirlərin qiymət qalxımından yararlanaqraq süni bahalaşma yaratmasından ciddi narahat olduğunu bildirib və ölkə başçısını qiymətlərin tənzimlənməsi, qiymət qalxımından sui istifadə edən möhtəkirlərin xalq əleyhinə yönəlik hərəkətləri üzərində nəzarətin gücləndirilməsi ilə bağlı qətiyyətli addımlar atmağa çağırıb.
İdarə Heyəti Türkiyədə rüşvət və yolsuzluqla bağlı yaşanan olaylardan narahat olduğunu, bu cür faktların qardaş ölkənin regionda və dünyada qazandığı imicinə zərbə vurduğunu diqqətə çatdırıb və hakimiyyətdən bu olayların Azərbaycanla bağlı uzantılarının araşdırılması, ictimaiyyətə geniş məlumat verməsini tələb edib.
Şamil