Heydər Oğuz 9 oktyabr seçkilərindən sonra yenə də millətimizin, onun ayrı-ayrı kəsimlərinin şahsevənliyindən, ürəksizliyindən bərk pəjmürdə olub. Odur ki, içindəki yanğını indicə oxuyacağınız misralara "əmdərib..." O konkret ad çəkməsə də diqqətli oxucu kimin və ya kimlərin hədəfə götürüldüyünü anlamaqda çətinlik çəkməyəcək...
Bir millət şahsevəndirsə,
Xan neyləsin,
şah neyləsin?
Sahibsiz qalmış
dövlətə
Salmasın tamah,
neyləsin?
Qoşulmayan bir
dəstəyə
Haqqı varmı
haqq istəyə?
Dərmandan qaçan
xəstəyə
Həkim, ya
cərrah neyləsin?
İqtidara
"bəsdi"- desən,
"Müxalifət pisdi"- desən,
"Qış soyuq, yay isti"-desən,
Boş qalan cinah
neyləsin?
Uşaq tək
"xortdan", "xuxu"dan
Çəkinərək sən
qorxudan
Ayılmırsansa
yuxudan,
Gəlməyən sabah
neyləsin?
Ürəyində İblisə
taxt
Tikdiyin vaxt,
qurduğun vaxt,
İçindəki İblis
bədbaxt
Etməsin günah,
neyləsin?
Tapdaq altda
qalan obam,
Torpaq altda
ulu babam,
Ocağı sönmüş
xarabam
Çəkməsin min
ah, neyləsin?
Ziyalıdan
yoxsul Vətən
Bu
haldadır-sorma-nədən?
Heydər deyər,
başsız bədən
Bilmirəm, Vallah, neyləsin