Bu gün Azərbaycanın müzəffər ordusu Ali baş komandan İlham Əliyevin komandanlığında torpaqlarımızı erməni işğalından azad etmək üçün Vətən müharibəsi aparır.
Təəssüflər olsun ki, 1828-ci il Türkmançay sazişindən etibarən Azərbaycanın şimal hissəsi Çar Rusiyası tərəfindən işğal edilmiş, bu zamandan etibarən Şimaıli Azərbaycan əhalisi Çar Rusiyasının, Sovet dövründə isə bolşevik Rusiyasının tərəfində “Vətən müharibəsi”ndə iştirak etmişlər. Lakin bu dövrlərdə biz müstəqil olmadığımız üçün aparılan müharibələrdə könllü şəkildə deyil, imperiya işğalında olan bir bölgə kimi müharibədə iştiraka məcbur edilmişik.
Hətta 1941-1945-ci illər II Dünya müharibəsi dövründə bizi işğal edən Sovet imperiyası tərfindən digər işğalıçı olan alman faşizminə qarşı aparılan müharibədə iştirak etmişik. Bu “Vətən müharibəsi” dövründə Stalinin neft Bakısını məhv etmə planını, Azərbaycanlıların Orta Asiyaya sürgün planını, 1948-1953-cü illərdə döşlərində “Vətən müharibəsi” nişanı asılmış 200 min azərbaycanlının Qərbi Azərbaycandan qovulmasını, neftinə görə dünyanı faşizm işğalından xilas edən Bakıya qəhrəman şəhər adının verilməməsini göz önünə gətirsək, iki diktatorun apardığı və ən azından 300 min azərbaycanlı vətəndaşımızın məhvinə səbəb olan bu müharibəyə “Vətən müharibəsi” deyə bilərikmi?. Bu müharibə nəticəsində əldə olunan qələbə bizim Qələbəmiz sayıla bilərmi?
Bu gün Azərbaycanın öz ərazilərinin işğaldan azad olunması və bərpası uğrunda apardığı şanlı müharibə bizim öz Vətən müharibəmizdir. Bu Vətən müharibəsi bizim Qarabağ müharibəmizdir. Qələbə bayramımız isə erməni faşistləri üzərində Qələbə günü olacaqdır. Bu müharibənin isə iki əsas qəhrəmanı vardır – Şanlı Azərbaycan Ordusu və bu Şanlı Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Mübariz Ağalarlı
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent