Sentyabrın 27-si tarixindən – Vətən Müharibəsinin ilk günündən etibarən Azərbaycan Respublikaısnın Prezidenti İlham Əliyev dünyanın müxtəlif KİV-lərinə çoxsaylı müsahibələr verməkdə, beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış etməkdədir.
Ölkə başçısının ardıcıl şəkildə dünya KİV-lərində səsləndirdiyi çıxışlar bəşəriyyətin Qarabağ müharibəsi, Azərbaycan gerçəklikləri ilə tanış olması, bu barədə obyektiv şəkildə məlumatlanması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Cənab prezident sentyabrın 27-dən oktyabrın 27-nə qədər təqribən dünyanın 27-dən çox KİV-nə, transmilli KİV-lərinə müsahibə verib. Hansı ki, bu KİV-lər dünyada ictimai rəyi formalaşdıran KİV-lərdir. Onların arasında milli KİV-lər də, BBC, CNN kimi dünya KİV-ləri də mövcuddur. Cənab prezidentin bu KİV-lərdə müsahibələri çox böyük hadisədir.
Ölkə başçısının bunca qısa zamanda bu qədər KİV-ə müsahibə verməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdırması cəbhə xəttində baş verən hadisələr qədər önəmli hadisələrdir.
Bu gün dünyada həm də informasiya savaşı gedir. Cənab prezidentin çıxışları informasiya savaşında Azərbaycanın qalibiyyətini birmənalı şəkildə təmin etmiş oldu. Cənab prezident o qədər məntiqli, arqumentli çıxışlar etdi ki, hər kəsi susdura bildi. Biz o müsahibələrə baxanda gördük ki, jurnalistlər səslənən arqumentlər qarşısında susmağa məcbur oldu.
Cənab prezidentin səsləndirdiyi arqumentlər, həm də öz inandırıcılıq dərəcəsinə, inandırıcılıq keyfiyyətinə görə diqqət çəkir. Buna bir nümunə göstərmək istəyirəm. Təxminən 3-4 gün bundan öncə CNN televiziyasının ən məşhur aparıcısı olan Kristin Amanpurun Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsi oldu.
Kristin Amanpur Ermənistanın XİN rəhbərinə verdiyi sualların hamısını Azərbaycan prezidentinin tezisləri üzərində qurmuşdu. Yəni cənab prezidentin müxtəlif KİV-lərdə səsləndirdiyi fikirləri Kristin Amanpur konkret suallar şəklində erməni nazirə ünvanladı. O, bu fikirləri boş arqumentlər kimi deyil, bunun həqiqiliyinə inandığını büruzə verərək səsləndirdi. O, Ermənistanın XİN rəhbərini bu arqumentlərlə mat vəziyyətinə salmış oldu.
Bu, bir daha onu göstərir ki, cənab prezidentin çıxışları məntiqli, arqumentli, inandırıcıdır və bütün dünyada əks-səda doğurur. Cənab prezidentin çıxışları o səviyyədə inandırıcı olub ki, dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”.
Seymur ƏLİYEV