Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas boyu ərazilərdə həyata keçirdiyi təxribatlar ordumuzun əks-hücum əməliyyatına start verməsi ilə nəticələnib. Nəticədə, düşmən təxribatını dəf edən ordumuz 7 kəndi işğaldan azad edib, düşmənin canlı qüvvəsi və texnikasına böyük zərbə vurub.
Moderator.az-a açıqlamasında Azərbaycan ordusunun əks-hücum əməliyyatına münasibət bildirən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bunu ali baş komandan başda olmaqla, Azərbaycan ordusunun böyük qələbəsi kimi dəyərləndirib:
“Bildiyiniz kimi, uzun illərdir ki, Ermənistan ordusunun Azərbaycana qarşı hərbi təxribatları davam edir və bu təxribatlar hərbçilərimizlə yanaşı, həm də mülki sakinlərimizi hədəf alır. Elə bu gün baş verən erməni təxribaı nəticəsində bir neçə mülki şəxsin yaralıanması, mülki obyektlərin düşmən tərəfindən atəşə tutulması, evlərin, yardımçı təsərrüfatların dağıdılması Ermənistanın məkirli niyyətindən, onun təcavüzkar siyasətindən xəbər verir.
Heç şübhə yoxdur ki, Azərbaycan ordusunun həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində 7 kəndin və bir sıra yüksəkliklərin azad edilməsi, düşmənin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurulması hər şeydən öncə ali baş komandanın və Azərbaycan ordusunun qələbəsidir. Bu şanlı qələbə bir daha göstərir ki, Azəırbaycan ordusu işğaldakı torpaqları azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malikdir və hazırda bu işi böyük əzmlə həyata keçirir.
Cəbhə xəttində hərbi əməliyyatların bütün şiddəti ilə davam etdiyi indiki məqamda qürur doğuran digər bir məqam xalqımızın ordu, ali baş komandanla ciddi həmrəylik sərgiləməsi, xalq-ordu bütövlüyünün nümayiş olunmasıdır. Bu günlərdə on minlərlə insan hərbi əməliyyatlarda könüllü iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinə müraciət edib ki, bu da xalqımızın işğaldakı torpaqları azad etməkdə nə qədər israrlı və qətiyyətli olduğunu göstərir. Bu fakt sübut edir ki, Azərbaycan xalqı Azərbaycan ordusu ilə bir yerdədir və bundan sonra da bir yerdə olacaq.
Mən ordumuzun əldə etdiyi qələbə münasibəti ilə xalqımızı təbrik edir, bir daha bütün ictimaiyyəti, Azərbaycan xalqının hər bir fərdini ölkə başçısının ətrafıda sıx birləşməyə, dövlətimizə əlindən gələn dəstəyi verməyə çağırıram. Bu gün bizim belə bir birliyə hər şeydən daha çox ehtiyacımız var və bizi son, yekun və həlledici qələbəyə də məhz bu birlik aparacaq. Odur ki, siyasi mövqeyindən, ideoloji baxışından asılı olmayaraq hər bir fərdin, eləcə də siyasi partiya, ictimai birlik, vətəndaş cəmiyyəti və s. qurumların dövlətimizin yanında yer alması, onun hər bir addımını qətiyyətlə dəstəkləməsi vacibdir və inanıram ki, bundan sonrakı proseslərdə də biz belə bir birlik və bərabərliyin şahidi olacağıq”.
Seymur ƏLİYEV