Məlum olduğu kimi, son aylar Ermənistanın ölkəmizə yönəlik təxribatları artmaqdadır. Həm ali baş komandan, həm də müdafiə nazirinin açıqlamalarından da bəlli olur ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək əvəzinə yeni təxribatlara hazırlaşır.
Maraqlıdır, bəs düşmənin
informasiya müstəvisində, media məkanında yeni təxribatlar törətmək ehtimalı nə
dərəcədə yüksəkdir? Səngərdə olduğu kimi, informasiya məkanında da düşmən təxribatlarına
hazır olmalıyıqmı?
Moderator.az-a
açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının
müdiri, professor Cahangir Məmmədli bu sahədə aktivliyi artırmağın vacibliyinə diqqət çəkdi:
“Öncə onu qeyd edim ki, bəzən
Qərb jurnalistikasına inteqrasiya və s. kimi fikirlər səslənir. Bildirirlər ki,
bizə ideologiya, təbliğat lazım deyil və s. bunların hamısı səhvdir. Çünki Azərbaycan
elə bir coğrafiyada yerləşir və onun qarşısında elə bir düşmən var ki,
jurnalistika bütün qüvvəsini və qüdrətini o düşmənə qarşı ideoloji, təbliğati
mübarizəyə sərf etməli, maarifçi müharibə aparmalıdır. Bu gün ən ciddi məsələ
informasiya təhlükəsizliyidir.
Bizim ənənəvi mediamız –
televiziyalarımız, qəzetlərimiz və s. bu sahədə müəyyən iş görürlər. Amma görülən
bu işlər çox zəifdir. Bu dəqiqə bütün güc düşmənə qarşı mübarizəyə yönəlməlidir.
Vətənpərvərlik, vətənə sevgi, Azərbaycana sevgisi, cəbhə xəttində növbə çəkən əsgərlərimizə
sevgi, ordumuza sevgi, prezidentimizə sevgi mətbuatda öz geniş əksini
tapmalıdır. Hansı ki, mən bu istiqamətdə görülən işləri o qədər də qənaətbəxş
hesab etmirəm. Hesab edirəm ki, bu istiqamətdə daha ciddi addımlar atılmalı,
görülən işlərin miqyas və keyfiyyəti artırılmalıdır”.
Seymur ƏLİYEV