“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı.
Sonra
“Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət
belə getmir” bəyanatı ilə danışıqların fatihəsini oxudu.
Və nəhayət,
Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu “mərhum”
danışıqların “ehsanını” da verdi.
Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək,
kişi kimi dirənib hamının üzünə ki: “O, ölməyib! O, sizin üçün
ölüb, bizim üçün ölməyib!...”
Yuxarıdakı fikirləri tanınmış politoloq, Azərbaycan prezidentinin sabiq köməkçisi Eldar Namazov özünün “Facebook” səhifəsində paylaşıb.
Kifayət
qədər emosionallıq hiss edilən statusla bağlı və mayın 21-də Şuşada baş verən
rüsvayçı “andiçmə” hadisəsi ilə əlaqədar Moderator.az son dövrlərdə mediada
fikirlərinə az-az rast gəlinən Eldar Namazovun münasibətini öyrənib.
Politoloq saytımıza açıqlamasında, nəhayət, Azərbaycanın bu istiqamətdə atmalı olduğu konkret
diplomatik addımlardan bəhs edib və əlavə edib ki, sözügedən statusu da bu
baxımdan paylaşıb:
“Mən bu
mövzuda şox sayda müsahibələr vermişəm, hamsını bir daha təkrarlamaq istəmirəm,
oxucuların da yadına salmaq istəyirəm ki, uzun müddətdir mən Dağlıq Qarabağla
bağlı yeni yanaşmanı və yeni strategiyanı təklif edirəm. O cümlədən, yeni
diplomatik yanaşmanı – hücum diplomatiyasını seçmək və ordu işləri ilə,
diplomatya və informasiya fəaliyyəti ilə bağlı vahid strategiya ilə düşməni
yerində oturtmaq və torpaqları azad etmək yolunu təkilf edirəm.
Təəssüflər
olsun ki, bu prosesdə biz dəyişikliklər görmədik və gəldiyimiz nəticə də göz
önündədir. Həmin müsahibələrdə də mən qeyd edirdim ki, biz diplomatlardan
torpaqların azad edilməsini gözləmirik, bu, bizim Ordumuzun çiyninə düşən bir vəzifədir.
Mən dəfələrlə bunu təkrar etmişəm ki, Dağlıq Qarabağ probleminin həllində əsas
sözü diplomatiyamız yox, Ordumuz deyəcək.
Diplomatiyanın
da əsas məqsədi dünya ictimaiyyətinə bu müharibənin yenidən başlanmasının əsas
günahkarının kim olduğunu sübut etməkdir. Azərbaycan diplomatiyası elə işləməlidir
ki, dünya ictimaiyyəti üçün tam aydın olsun ki, Azərbaycanın müharibə etmək,
güc tətbiq etməkdən başqa yolu qalmayıb.
Bizim
diplomatiyamız buna yönəlmək istəyir, ancaq hər bir pis hadisənin iki üzü olur.
Ermənilər bu son hərəkətləri ilə faktiki olaraq Azərbaycan diplomatiyasının
çiyninə düşən vəzifələri özləri yerinə yetirdilər və bütün dünyaya göstərdilər
ki, həqiqətən də Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməkdən
başqa çıxış yolu qalmayıb.
Və beynəlxalq
ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.
Taleh