Azərbaycanın
sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun yaxın günlərdə səsləndirdiyi “Nəhayət
təkbətək qaldıq - Ermənistan,
Azərbaycan və Koronavirus” ifadəsi ictimai rəydə xeyli rezonans doğurub.
Moderator.az həm
bu tezisin arxasında dayanan geosiyasi gəlişmələri, həm də Dağlıq Qarabağda
keçirilən “seçki” şousunu şərh etmək üçün Tofiq Zülfüqarova müraciət edib.
Sabiq nazir
bildirib ki, belə bir fikri söyləyərkən o, hazırda cərəyan edən bir sıra proseslərin
məntiqi gedişini nəzərə alıb:
“Biz görməyə
bilmərik ki, dünya ciddi böhran qarşısındadır”
“Hazırda elan
edilən pandemiya hələ epidemiya demək deyil, epidemiya daha yüksək səviyyədə
olan hadisədir. ÜST-ün məlumatlarına baxsaq görərik ki, dünyada pandemiyalar
indiyədək çox olub və bir sıra xəstəlikərə aid edilir.
Ancaq biz onu da görürük ki, bu pandemiya geopolitik vəziyyətə təsir baxımından ciddi şərait
yaradıb. Müşahidə edirik ki, artıq dost sayılan ölkələr arasında gərginlik
yaranır, narazılıq ortaya çıxır.
O da açıq
görünür ki, artıq dünyada ciddi siyasi dəyişikliklər baş verir. Eyni zamanda,
iqtisadi böhran da göz önündədir. Neftin qiyməti bu vaxtadək olmadığı qədər
ucuzlaşıb. Biz görməyə bilmərik ki, dünya ciddi iqtisadi böhran qarşısındadır.
Digər bir proses
də müşahidə edirik: dövlətlər maraqlarını müdafiə edərkən çalışırlar ki, bunu öz
suveren hüquqları çərçivəsində həyata keçirsinlər, hər ölkə ayrılıqda öz vətəndaşlarının
təhlükəsizliyini təmin etməyə çalışır. Beynəlxalq təşkilatlara, o cümlədən
BMT-yə ümid bəslənilmir.
Yəni, bu dəyişiklilərin
baş verməsi istər-istəməz bizim bölgəmizə də təsir edəcək. Həm ölkə olaraq Azərbaycana,
həm də bölgədə baş verən münaqişəyə. Ermənistanda da vəziyyət ağırdır. Bu
problemlər təbii olaraq konfliktin gedişinə təsir edəcək. Bu göz önündədir.
İstər-istəməz bu
vəziyyət daha real faktorları və elementləri ortaya çıxarır. Azərbaycanla Ermənistanın
əhalisinin say fərqi, iqtisadi imkanlar, hərbi potensial, tibbi-sanitar sektorun səviyyəsi, səfərbərlik
və sair amillər. Hansı ki, bunlar pandemiyadan əvvəlki vəziyyətə o qədər də təsir
etmirdi. Çünki beynəlxalq faktorlar vardı, hansı ki, Ermənistanın öz imkanları
ilə deyil, hansısa xarici qüvvənin köməyi ilə siyasətini həyata keçirməyə şərait
yaradırdı. İndi isə bu imkanlar zəifləyib.
Mən bu fikri
söylərkən bunları nəzərdə tuturam”.
“Tərəfdarı deyiləm
ki, biz bu “seçkilərə” bu qədər diqqət yetirək… Mənim mövqeyim bundan ibarətdir”
Tofiq Zülfüqarov
Dağlıq Qarabağdakı “seçkilər”dən danışarkən bu hadisəyə də fərqli münasibət sərgiləyib.
Onun sözlərinə görə, əslində biz ermənilərin belə “tamaşalarına” bu qədər ciddi
yanaşıb onları reklam etməməliyik:
“Mən, ümumiyyətlə,
onun tərəfdarı deyiləm ki, biz bu “seçkilərə” bu qədər diqqət yetirək.
Çünki biz, ilk
növbədə başa düşməliyik ki, orada baş verən hadisələrin kökündə nə dayanır. Biz
bunu aydın şəkildə anlamalıyıq ki, işğal olunmuş ərazilərimizdə öz
təcavüzkarlığını gizlətmək üçün Ermənistan qondarma qurumlar yaradıb və göstərmək
istəyir ki, burada guya ki ikinci erməni dövləti var.
Ancaq əslində,
hamı başa düşür ki, Dağlıq Qarabağda nə ikinci bir dövlət var, nə hansısa qurum
var ki, biz ona xüsusi diqqət yetirək.
Söhbət bizim torpaqlarımızın
Ermənistan tərəfindən işğalından və etnik təmizlənmədən gedir ki, o da bu ərazilərdə
bu və digər şəkildə öz təbliğatını aparmaq üçün müxtəlif siyasi şoular düzəldir.
Bu baxımdan,
düşünürəm ki, biz əsasən, bu siyasəti tənqid etməliyik, ermənilərin oyununa
getməməliyik. Dolayısı ilə onların bu oyunlarını reklam etməməliyik.
Mənim mövqeyim
bundan ibarətdir”.
T. Zülfüqarovun
sözlərinə görə, Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını
səsləndirəndə bununla açıq-aşkar dünyaya göstərib ki, burada irredentizm siyasəti
var, yəni bir ölkənin digərinə, Ermənistanın Azərbaycana ərazi iddiaları vardır
və bu ərazi iddialarını onlar işğalçılıqla həyata keçiriblər. Bu ərazilərdə tam
şəkildə etnik təmizləmə aparıblar. İndi isə onların məqsədi Azərbaycanın bu
torpaqlarını anneksiya etməkdir, yəni özlərinə birləşdirməkdir. Bütün bu
oyunların arxasında bu siyasət dayanır".
Taleh