Azərbaycan Demokrat Partiyasının Mətbuat Xidmətindən Moderator.az-a
verilən məlumata görə, partiya sədri S.Cəlaloğlu rus politoloqu A.Duqinin
Azərbaycan müstəqilliyini təhdid altına alan müsahibəsini və Rusiya prezidenti
V.Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər ittifaqı”nın üzvü Hüseyn
Sadıqovun milli mətbuatın yaranması günü ilə əlaqədar təbrikində milli
maraqlarımızla uyuşmayan ifadələr səsləndirməsini şərh edib:
“Hər şeydən əvvəl milli
müstəqilliyimizə qarşı yönəlik hər iki fikrin Azərbaycan mətbuatında yer almamasını
təsadüfü hadisə kimi qiymətləndirmək olmaz. Belə ki, həmin fikirlər V.Putinin
Azərbaycana gözlənilən səfəri ərəfəsində meydana çıxıb və əsas hədəf, V.Putinin
bu səfərinin əsl məqsədləri haqqında Azərbaycan vətəndaşlarına və bütün dünyaya
verilən mesajın çatdırılmasıdır. Səslənən hər iki fikir məzmunu onu göstərir
ki, Rusiya hələ də öz imperiya niyyətlərindən əl çəkməyib və o, güc nümayiş
etdirərək hər bir vasitə ilə müstəqil Azərbaycanı təhdid altında saxlamaq,
dövlətimizi planlaşdırılan Avrasiya İttifaqına sürükləmək istəyir. Rusiya
Federasiyasının rəsmi nümayəndəsi kimi H.Sadıqov mətbuata açıq şəkildə deyir.
“Rusiya Federasiyası 100 illik
tarixə söykənən qarşılıqlı əlaqələrimizi əsas götürərək Azərbaycanın milli
təhlükəsizliyi, demokratik inkişafını özünün milli və strateji maraqlarının bir
hissəsi kimi hesab edir” Bu ifadələr açıq şəkildə göstərir ki, əslində Rusiya
Federasiyasının strateji maraqları 200 ildən artıq işğal və ilhaq etdiyi
Azərbaycanı yenidən özünün milli təsir dairəsinə salmağa cəhd edir. Öz
ölkəsində demokratiyanın hər hansı bir təzahürünə dözümsüzlük göstərən
Rusiyanın Azərbaycanın demokratik inkişafında maraqlı olması haqqında səslənən
fikirlər siyasi demoqogiyadan başqa bir şey deyil və əslində bu cür cəhdlər
Rusiyanın imerialist siyasətinin müasir dövrdə demokratiya bayrağı altında
həyata keçirilməsinə xidmət edir. Rusiyanın məşhur politoloqu, dövlət adamı
A.Duqinin müsahibəsi isə Azərbaycanın Rusiyanın şərtləri ilə razılaşmadığı
təqdirdə onun Misir, Suriya kimi ölkələrin taleyini yaşayacağına verilən açıq
işarələrdir. Hansı ki, həmin bu hadisələrdə Rusiyanın anti - demokratik
qüvvələrin yanında yer alması “ərəb baharının” demokratik cəmiyyət quruculuğu
ilə başa çatmasına imkan verməmişdir. A.Duqinin Avrasiya İttifaqına daxil
olmada hələ ki, tərəddüd içində olan, ən yaxın müttəfiqi və forpostu
Ermənistanı belə hədələməsi əslində qoyulan şərtlərdən qaçdığı halda
Azərbaycanın daha ciddi cəzalandırıla biləcəyi haqqında verilən mesaj kimi dəyərləndirilməlidir. A.Duqinin Rusiyanın
sabiq prezidenti, hazırkı baş nazir v.Medvedev haqqında təhqirli fikirlər
səsləndirməsi, o dönəmdə dövlətin başqaları tərəfindən idarə olunmasını dilə
gətirməsi Rusiyada həyata keçirilən konstitusion demokratiya modelinin əslində
Putin hakimiyyətinin saxlanılması və möhkəmləndirilməsinə xidmət etdiyini və
Rusiyanı demokratik inkişafdan saxladığını göstərir.
Bu mənada bundan əvvəl
Azərbaycanda Putin-Medvedev modelinin tətbiq edilməsinin təşəbbüskarı olan
qüvvələr, əslində Azərbaycanda da demokratik inkişafın qarşısını almaq kimi
düşünülmüş bir planın icraçısı rolunda çıxış edirlər. Hər iki mövqe beynəlxalq
hüquqa zidd olaraq Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq və Azərbaycan
dövlətinin suverenliyinə açıq hörmətsizlik kimi dəyərləndirilməlidir.
Beynəlxalq ictimaiyyət dövlətlərarası münasibətlərdə bu cür davranışların
yolverilməzliyi ilə bağlı öz mövqelərini birmənalı və açıq şəkildə Rusiya
tərəfinə bildirməlidir”