Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 4 günlük Afrika səyahətində müşayiət edən media təmsilçiləri arasında tanınmış azərbaycanlı jurnalist, "Star" qəzeti yazarı Sevil Nuriyeva da olub.
Sevil Nuriyeva Prezident Ərdoğana İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi hərbi təlimlər və digər təhdid dolu davranışları ilə bağlı sual ünvanlayıb.
R.T.Ərdoğan Afrikadan qayıdanda təyyarədə suallara cavab verib.
Sual: İyun ayında Bakıya getdiniz və Şuşanı ziyarət etdiniz. Zəngəzur Dəhlizinin açılması üçün addımlar atılacağını bilirdik. Bununla bağlı irəliləyiş varmı? Oktyabrın 26 -da Füzuli hava limanının açılışı üçün yenə orada olacaqsınız. Proqramınız haqqında ətraflı məlumatınız varmı?
Ərdoğan: Bakı proqramda yoxdur, amma inşallah hava limanını açarıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. O günkü proqramda, ümid edirəm ki, hava limanını, oradakı bir neçə magistralı və kənd təsərrüfatı ilə bağlı atılan bəzi addımları açacağıq. Zəngəzur Dəhlizinin açılması ilə bağlı qərarımız eyni olaraq qalır.
Yeri gəlmişkən, minaaxtaranları Azərbaycana verdik və veririk. Onları da yüksək qiymətləndirdilər. Bu maşınlar mina təmizləmədə çox müvəffəqiyyətli idi. Toqo və Burkina Fasoya hərəyə ikisini verdik. Onlar da çox xoşbəxt idilər.
Sevil Nuriyeva: İranın Naxçıvan ve Cənubi Qafqaz sərhədlərində bir hərbi hərəkətlilik mövcuddur. İran bir tərəfdən də, Azərbaycanın İsrail ilə əlaqələrinə istinad edir. Türkiyənin Qafqazda aktiv və davamlı aktora çevirildikdən sonra İranın bu hərəkətlərinin bir anlamı varmı və bu bir böhrana çevrilə bilərmi?
R.T.Ərdoğan: Mənim şəxsən belə bir gözləntim yoxdur. İsrailin Azərbaycanla olan əlaqələrinə görə İran qalxıb Azərbaycana qarşı, Azərbaycanı "hədəf taxtası" qoymaq kimi bir duruma girməz. Çünki, bu gün İrandakı azərbaycanlıların sayı ortadadır. Bu təbii, düşündürür. Elə də asan deyil. Görülən iş yanlışdır. İranın yeni hökuməti də zənn edirəm ki, bu yanlışı davam etdirməz.
Qeyd edək ki, bu sual-cavab bu gün - İranla bağlı mövzunun həssas olduğu dönəmdə həm Quzey, hə də Güney azərbaycanlılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.