İran və “Böyük altılıq” ölkələri arasında uranın zənginləşdirilməsi ilə bağlı əldə edilən razılıq və bu razılığın şərtlərindən biri kimi Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması ölkəmizdə ciddi müzakirələrə səbəb olmaqdadır. Məsələni şərh edən siyasi ekspertlərin önəmli bir qismi hesab edir ki, bu razılaşma əslində İranın ağır və uzunmüddətli mübarizədən sonra əldə etdiyi qəti qələbə kimi dəyərləndirilməlidir. Ekspertlərin qənaətincə, İranı sanksiyalar hesabına geri çəkilməyə vadar edə bilməyən Qərb, illərdir davam edən təhdidlərin ardınca problemi siyasi-diplomatik yolla həll etmək məcburiyyəti qarşısında qaldı ki, bu da rəsmi Tehranın prinsipiallığının göstəricisidir.
İranla “altılıq” ölkələri
arasında əldə edilən bu razılaşma ümumilikdə qlobal əhəmiyyətli gərginliyin
aradan qaldırılması baxımından nə qədər mütərəqqi olsa da, məsələnin Azərbaycan
üçün heç də xoş olmayan tərəfləri də mövcuddur. Belə ki, sanksiyalar zəngirindən
azad olan, beynəlxalq arenada istər neft-qaz resursları, istərsə də digər müstəvidəki
potensialı hesabına daha geniş manevr imkanı əldə edən İranın region ölkələri,
eləcə də Azərbaycana təzyiqlərinin artacağı ehtimal olunur. Hətta bəzi ekspertlərin
fikrincə, hər zaman Azərbaycanın sərhədlərinə, dövlətçilik atributlarına ciddi
saymazlıq sərgiləyən, Ermənistan üçün nəhəng ərzaq anbarı rolunu oynayan İran,
bundan sonra ölkəmiz üçün daha ciddi problemlərə imza ata bilər.
Maraqlıdır, İranla “Böyük
altılıq” dövlətləri arasında əldə edilən anlaşma Azərbaycana nə vəd edir?
Sanksiyalardan xilas olan İranın Azərbaycan üçün ciddi problemlər yaratması
gözləniləndirmi? Doğrudanmı İranın ağ günə çıxması Azərbaycana qara günlər vəd
edir?
Bununla bağlı Moderator.az saytı və "Hürriyyət" qəzetinə açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər
İranın Azərbaycana təzyiqlərinin arta biləcəyini təsdiqləyib. Politoloqun sözlərinə
görə, “altılıq” dövlətləri ilə əldə edilən bu anlaşma İranın hər şeydən öncə
maliyyə-iqtisadi imkanlarını genişləndirəcək ki, bu da onun beynəlxalq müstəvidə
manevr imkanlarını artıracaq:
“İrana qarşı sanksiyalar
qalxdıqdan sonra İran maliyyə-iqtisadi baxımdan güclənəcəkdir. İran büdcəsinin
42%-i neft gəlirləri hesabına formalaşır. Nəzərə alsaq ki, sanksiyalar zamanı
İranın neft ixracı iki dəfə azalmışdı, o zaman bu sanksiyaların aradan
qaldırılmasının İrana hansı imkanlar yaradacağını təsəvvür edə bilərsiniz”.
Politoloqun fikrincə,
sanksiyaların ortadan qalxması İranın siyasi-diplomatik müstəvidəki aktivliyini
də artıracaq:
“Iran sanksiyalar götürüləndən
sonra siyasi-diplomati müstəvidə də güclənəcəkdir. Beynəlxalq birliyə daha sıx
inteqrasiya olunacaqdır. Onun maliyyə-iqtisadi imkanları da əhəmiyyətli dərəcədə
genişlənəcəkdir. Neft-qaz gəlirlərindən əldə edilən vəsaitlərin hesabına daha
aktiv və aqressiv xarici siyasət yürüdəcəkdir”.
İranın hazırda bir çox
ölkələrdə baş verən hərbi əməliyyatları maliyyələşdirdiyinə diqqət çəkən
ekspert, bundan sonra rəsmi Tehranın bu istiqamətdə də öz fəaliyyətini genişləndirə
biləcəyini vurğuladı:
“Təsəvvür edin ki, İran
indiki ağır şərtlər altında belə regiondakı bir çox ölkədə - İraqda, Suriyada,
Livanda, Yəməndə aktiv xarici siyasət yürüdür və hərbi əməliyyatları maliyyələşdirir.
Əminliklə demək olar ki, bu sanksiyalar ortadan qalxdıqdan və İran öz maliyyə-iqtisadi
gücünü bərpa etdikdən sonra bu istiqamətdə də daha aktiv xarici siyasət
aparacaq. Bu baxımdan İranın Azərbaycanla bağlı siyasətinin də aktivləşəcəyini
güman edirəm”.
Politoloq hesab edir ki,
İranın sanksiyalar halqasını yararaq beynəlxalq arenaya çıxması Azərbaycanın
iqtisadi və siyasi maraqlarına digər amillər baxımından da ciddi zərbə vuracaq:
“Onu da nəzərə almaq lazımdır ki, İran kimi neft-qaz ölkəsi dünya bazarına
çıxdıqdan sonra Azərbaycanın iki baxımdan önəmi azalacaq. Həm Avropanın enerji
təhlükəsizliyində oynadığı rol əvvəlki kimi önəmli olmayacaq. Həm də bir dövlət
olaraq bölgədə oynadığı rola görə Azərbaycanın əhəmiyyətini azaldacaq”.
Seymur Əliyev