Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun Bakı ofisinin redaksiyasında həyata keçirdiyi axtarış, bunun ardınca redaksiyanın qapadılması ölkə gündəmini məşğul edən əsas məsələlər sırasındadır. Baş verən bu olayın fərqli aspektlərdən şərhinə səbəb sözügedən radionun ABŞ tərəfindən maliyyələşməsi, bir növ ABŞ-ı təmsil etməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, baş verən məlum olaydan sonra KİV-ə açıqlama verən bəzi ekspertlər bunu hakimiyyətin Ağ Evə meydan oxuması kimi dəyərləndirib. Onların fikrincə, hakimiyyət bununla ABŞ-la razılaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətində olmadığını növbəti dəfə ortaya qoymuş oldu.
Maraqlıdır, “Azadlıq”
radiosu ilə bağlı baş verənlər hakimiyyətin ABŞ-a meydan oxuması kimi dəyərləndirilə
bilərmi? Bu, ABŞ-Azərbaycan münasibətlərində yeni bir gərginliyə yol açacamı?
Bununla bağlı
Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Yeni Nəsil”Jurnalistlər
Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu, heç bir halda iki dövlət
arasındaklı münasibətlərə təsirsiz ötüşə bilməz: “Azadlıq” radiosu ilə bağlı
baş verən məsələ sadəcə media hüquq və azadlığına aidiyyatı olan məsələ deyil,
bu həm də dövlətlərarası münasibətlər məsələsidir. Çünki “Azadlıq” radiosunun
Azərbaycandakı fəaliyyəti bizim və sizin fəaliyyətimizdən fərqli sənədlərlə tənzimlənir.
Bu, dövlətlərarası müqavilə və razılaşmalarla tənzimlənir. Biz dəfələrlə
müşahidə etmişik ki, “Azadlıq” radiosu ilə bağlı məsələ dövlətlərarası müzakirələrə
səbəb olub. Odur ki, əminəm ki, baş verənlər dövlətlərarası münasibətlər üçün təsirsiz
ötüşməyəcək. Bununla bağlı ya iki dövlət arasında əvvəlcədən hansısa müzakirə
olmalı idi. Belə bir müzakirənin olub-olmadığını dəqiq deyə bilmərəm. Ya da bu,
sonrakı mərhələdə xeyli gərginlik yaradacaq”.
Seymur Əliyev