2014-cü ilin büdcə layihəsi ciddi müzakirə olunur. Bəzi ekspertlər gələn il üçün nəzərdə tutulan investisiya xərclərinin azaldılmasını büdcənin budanması kimi qiymətləndirirlər. Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov isə Moderator.az-ın əməkdaşı ilə söhbətində bu qiymətləndirmə ilə razılaşmadığını bildirib: "İnvestisiya xərcləri əsasən Neft Fondundan edilən transferlər hesabına həyata keçirilir. İnvestisiyaların şişirdilməsi ilə bağlı müəyyən araşdırmalar var. Ölkə başçısı dəfələrlə bəyan edib ki, bir sıra hakimiyyət orqanları daha çox maliyyə sifariş etsələr də, onu xərcləyə bilmirlər". İqtisadçı vurğulayıb ki, investisiya xərclərinin rüblər üzrə bölünməsinə baxdıqda, sonuncu rübə daha çox xərc düşür: "Müxtəlif maliyyə mexanizmləri ilə onun mənimsənilməsinə yol verilir. Ona görə də hesab edirəm ki, xərclər azaldılmayıb, optimallaşma istiqamətinə yönəldilib. Büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı ölkə başçısının göstərişləri yerinə yetirilməyə başlanılır. Şişirdilmiş layihələrin optimallaşması baş verir".