Cənubi Qafqaz daim dünya və regional güclərin maraqlarının toqquşduğu bölgə olmuşdur. Cənubi Qafqaz dövlətlərinin öz aralarında və regionun üç əsas iştirakçısı olan Rusiya, Türkiyə və İran arasında münasibətlərinin çoxşaxəli və birmənalı olmaması Cənubi Qafqazın stabillik və əməkdaşlıq regionuna çevrilməsi yolunda əhəmiyyətli dərəcədə çətinliklər yaratmışdır.
Xüsusən 2008-ci ilin avqust müharibəsi göstərdi ki, BMT,
ATƏT, MDB kimi heç bir effektivliyi, təsir mexanizmi olmayan, etibarını itirmiş
təşkilatların böhranının fonunda Cənubi Qafqaz və Orta Asiyada regional
təhlükəsizlik hər şeydən öncə bölgədə
ənənəvi oyunçular sayılan Rusiya, İran və Türkiyə arasındakı qarşılıqlı
münasibətlərdən asılıdır. Məhz buna görə geniş alyanslar deyil effektiv üçtərəfli,
ikitərəfli müqavilələr əsasında və Qərbin Qafqaza birbaşa təsirinin tədricən
zəiflədilməsi şəraitində yeni təhlükəsizlik sistemi qurulmaqdadır.
Bunu biz hazırda regionun və ümumiyyətlə postsovet
məkanının ən qanlı münaqişəsi olan
Qarabağ münaqişəsinin dondurulmuş, durğun fazadan yenidən qaynar
mərhələyə keçməsində də görürük. Belə ki, məhz qarşılıqlı ikitərəfli razılaşmalar,
ittifaqlar sayəsində Azərbaycan respublikası rəqibini neytrallaşdırmağı
bacarararq 28 ildir Qarabağda Ermənistanın toxunulmazlıq mifini dağıdıb, işğal
altında olan torpaqlarını düşməndən azad etmək üçün əks-hücum əməliyyatlarına
başladı.
Regionda ikitərəfli ittifaqlara baxdıqda sırf maddi
dəyərlərə, maraqlara bağlı olan, ötən əsrin hərbi texnologiyasından kənara çıxmayan Ermənistan-Rusiya
ittifaqından fərqli olaraq, ən müasir texnologiya əsasında silahlara sahib
olmaqla yanaşı, ortaq dil, din, tarixin sınağından çıxmış qarşılıqlı etibara
əsaslanan dərin mənəvi özülü olan
Azərbaycan-Türkiyə ittifaqı əlbəttə daha dayanıqlı və sarsılmaz görünür.
Regionda xüsusən Türkiyənin təsirinin güclənməsinə qarşı
qısqanclıqla yanaşan, Ermənistanın blokadasının yarılmasında ona yaxından kömək
olan İranın mövqeyi isə hər zaman ziddiyyətli olmuşdur. Sentyabrın 27-də Azərbaycan ordusunun əks
hücuma keçməsindən sonra İran ərazisindən Ermənistana hərbi avadanlıq, silah
getməsi xəbərləri həm Azərbaycan respublikasında, həm də İranın Azərbaycan
türkləri yaşayan vilayətlərində böyük etiraza səbəb oldu və bu etirazlar
fonunda biz İran rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini
söylədikləri bəyanatları eşitdik.
Qarabağın bir qarışını belə düşmənə verməyəcəyini
dəfələrlə bəyan edən, problemin hərbi yolla həllini gündəliyindən heç vaxt
çıxarmayan Azərbaycan üçün Ermənistan rəhbərliyinə Nikol Paşinyan kimi naşı,
qlobal, regional siyasətdən anlayışı olmayan birinin gəlməsi çox əlverişli
oldu.
Soros fondunun (Rusiyada fəaliyyəti qadağan edilib)
birbaşa dəstəyi ilə, Rusiya əleyhinə şüarlar səsləndirən kütlənin çiyinlərində Moskvanın
narahat baxışları altında hakimiyyətə gələn Paşinyan qısa müddət ərzində özünü
etibarlı tərəfdaş olmadığını, danışıqlardan qaçmağa çalışan lider kimi göstərdi.
Məhz onun hakimiyyəti dövründə Ermənistanda Rusiya bazalarının bağlanması haqqında
şüarlar səngimədi, Rusiyaya yaxın siyasətçilər və iş adamları təqib edilməyə
başlandı.
Azərbaycan prezidenti İlham Əliyevə “daxildə vəziyyət
ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll
edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən
xətt çəkmişəm, imkan verin, vaxt verin.” deyə xahiş edən Paşinyanın daha sonra “Qarabağ- Ermənistandır-
nöqtə” bəyanatı əslində onun və rəhbərlik etdiyi dövlətinin sonunun başlanğıcı
oldu. Azərbaycan bu əlverişli vəziyyətdən, strateji müttəfiqlər arasında olan
ziddiyyətlərdən çox məharətlə istifadə etdi. Ona “Qarabağ- Azərbaycandır! və
Nida işarəsi!” cavabını verən prezident İlham Əliyevin daha sonrakı siyasi
gedişləri və bu gedişlərin məntiqi nəticəsi olaraq Azərbaycan ordusunun 27
sentyabr əks-hücum əməliyyatının başlanması Azərbaycan tərəfinin bunu
Ermənistanın baş naziri Paşinyandan fərqli olaraq populizm, şou xətirinə demədiyini
göstərdi.
Əzim Heydərov
Bakı Dövlət
Universiteti
Qafqaz xalqları
tarixi kafedrasının müəllimi