Bakı nəqliyyatında problemlər hələ də öz həllini tapmayıb. Uzun zamandır ictimai nəqliyyatda gediş haqqının vahid ödəmə karta keçməsi barədə danışılsa da, sonradan deyilənlərin hələ də nəticəsiz qaldığı məlum oldu. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənovun ANS PRESS-ə dəfələrlə verdiyi açıqlamasında bildirib ki, yaxın vaxtlarda həm avtobuslarda, həm də metroda gediş haqqılarını ödəmək üçün vahid kartdan istifadə etmək mümkün olacaq. Bunun üçün artıq plastik kartların da hazırlandığı bildirilmişdi.
Lakin əslində
deyilənlərin sadəcə yaxşı ideya olduğu ortaya çıxır. Çünki vahid kartla ödəmə
sisteminə keçid mart ayında nəzərdə tutulmuşdu. Sonradan bunu may ayına qədər təxirə
saldılar. May ayında da məlum oldu ki, vahid kartla ödəmə sistemi sentyabr
ayına qədər uzadılır. Artıq sentyabr ayıdır. İndi isə rəsmilər avtobuslarda
kartla ödəniş sisteminin sentyabrın 15-dən sonra tətbiq olunacağını bildirib. Lakin
bu kartlardan yalnız avtobuslarda istifadə etmək mümkün olacaq. Metroda bu
kartlardan istifadə etmək mümkün olmayacaq. Bu barədə Bakı Metropolitenindən
ANS PRESS-ə bildirilib. Çünki hazırda Metropolitendə mövcud olan proqram təminatı
ilə ictimai nəqliyyatda yeni ödəniş sistemi çərçivəsində tətbiq ediləcək
kartların proqram təminatı uyğun deyil.
Belə
ki, metroda bu kartlardan istifadə etmək üçün birgə proqram təminatı hazırlamaq
lazımdır. Bu da olduqca böyük kapital tutumlu işdir və tez zamanda bunun tətbiqi
mümkünsüzdür. Bir sözlə, baxmayaraq ki, Nəqliyyat Nazirliyi həm avtobuslarda, həm
də metroda vahid kartdan istifadənin tətbiq olunacağını deyir, Bakı
Metropolitenindən isə bunu təkzib edirlər.