Azərbaycanlı aktrisa, yazar Gülay Hüseynova Türkiyədə yeni layihəyə başlayıb. Moderator.az-a açıqlama verən aktrisa "Celalin Treni" filmində baş rolu canlandıracağını qeyd etdi:
"Artıq 10 gündür ki, “Celal’in Treni” filminin çəkilişləri üçün Qarsdayam. Filmin ssenari müəllifi Seyit Ali Çelik, rejissoru isə bir çox film festivallarının qalibi olan Gökalp Yamendir.
Dramatik komediya janrında olan bu filmdə mən Cəlalın həyat yoldaşı Pamuk obrazını canlandırıram. Həm baş rol olduğu üçün, həm də daha öncə oynadığım rollardan xeyli fərqləndiyinə görə həyəcanım da, məsuliyyətim də yüksəkdir. Səhnələrimin bir çoxu Qarsın Susuz kəndində çəkildi.
Filmin Cəlalı, eyni zamanda, mənim tərəf müqabilim Ankara Dövlət Teatrının aktyoru Şevki Çepa olduğu üçün xüsusilə özümü şanslı sayıram. Çünki qarşılıqlı oyunlarda tərəf müqabilinin aktyorluğu ilə yanaşı, insanlığı da çox önəmlidir. Səhnələr o qədər duyğu yüklüdür ki, həm məşqlərdə, həm də kamera önündə oyunlardan böyük zövq alırıq".
Aktrisa bu layihəni doğum günü hədiyyəsi kimi qəbul etdiyini vurğuladı: "Əslində “Celal’in Treni” filmi üçün mənə təklif gələndə ad günüm idi. Ona görə bir az bu filmə doğum günü hədiyyəm kimi baxıram. Yeri gəlmişkən, filmin həqiqi Cəlal və Pamuku ilə də tanışlıq imkanımız oldu. Onlar Aydın şəhərindən Qarsa - çəkiliş meydançamıza gəlib bizə öz xeyir-dualarını verdilər, bəzi səhnələrimizi canlı-canlı izləyib kövrəldilər. Hətta filmdə istifadə etdiyim aksesuarlar (qolbaq, boyunbağı, yaylıq) Pamuk xanımın özünə aiddir. Bu qədər mənəvi anlamı olan bir filmdə yer almaq olduqca xoş və unudulmazdır".
Xəyalə Rəis