“Mənim Qəhrəmanım” adlı müsabiqə elan olunur - VİDEO
198
09:16, Bu gün

“Mənim Qəhrəmanım” adlı müsabiqə elan olunur - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edir.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, şərtlərə əsasən təqdim edilən işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8 – maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.
 
Məktəblilər müsabiqədə fərdi və ya iki nəfərlik heyət (ssenari müəllifi + rəssam) kimi qatıla bilərlər.
 
2026-cı ilin 1 may-1 sentyabr tarixlərində davam edəcək işlərin qəbulu zamanı müəlliflər hekayələrini ad, soyad, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində [email protected] ünvanına göndərməlidilər.
 
Müsabiqənin münsiflər heyətinə AR Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertləri daxildir.
 
Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevriləmsi imkanı gözləyir.
 
Bu il dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti – 2040”
 
Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. Bu kimi müasir ifadə vasitələrilə formalaşan qəhrəman obrazları milli ruhu gücləndirir, Azərbaycanın müasir, dinamik və yaradıcı kimliyini gələcək nəsillərə ötürməyə dəstək olur.
 
“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Onlar istər tarixi şəxsiyyət və ya milli obraz, peşə sahibi (müəllim, həkim, valideyn, könüllü və s.), istərsə də uydurma və ya fantastik qəhrəman, dəyərləri təcəssüm etdirən obraz yarada bilərlər. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər