“Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir” - ZAHİD ORUC
Siyasət
319
16:15, Bu gün

“Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir” - ZAHİD ORUC

Ukrayna Prezidentinin ölkəmizə səfəri dünya mediasında, o cümləədn keçmiş sovet məkanı informasiya kanallarında geniş təhlillərə və şərhlərə səbəb oldu.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ukraynalı liderin səfərinin səbəbləri və nəticələri ilə bağlı “AzPolitika”nın sualını belə şərh edib: 

“Ölkəmizin son illərdə formalaşdırdığı yeni geosiyasi arxitektura - regionda yaratdığı qalib hərbi-siyasi reallıq və artan diplomatik rol Volodimir Zelenskinin Azərbaycana səfərinin mühüm səbəblərindən biridir. Qarabağın geri qaytarılması, torpaqlarımızın işğaldan azad olunması təkcə hərbi uğur deyil, uzun illər aparılan düşünülmüş siyasətin, iqtisadi güclənmənin və milli iradənin nəticəsidir.

Vətən müharibəsində əldə olunan qalibiyyət Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik çağırışları formalaşdırdı. İndi regionumuz 90-cı illərdəki kimi deyil, güc balansı dəyişib, təşəbbüs tamamilə ölkəmizin tərəfinə keçib və yaxın-uzaq dövlətlər üçün Bakı cazibə mərkəzinə çevrilib.

Biz eyni vaxtda müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və balanslı işləməyi bacarırıq. Bir tərəfdən, Rusiya ilə münasibətlərimizi suverenlik və qarşılıqlı hörmət çərçivəsində qururuq, təzyiq və diqtə imperativləri, hegemoniya leksikonunu qəbul etmirik, digər tərəfdən, Türkiyə ilə strateji müttəfiqliyimizi daha da gücləndiririk. Qardaşlıq münasibətləri təkcə hərbi sahədə deyil, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində yeni səviyyəyə qalxıb.

Eyni zamanda, Azərbaycan İsrail ilə əməkdaşlığını davam etdirir, texnologiya və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr qurur. Digər qonşumuz İranla isə mürəkkəb, lakin idarə olunan münasibətlər modeli qorunub saxlanır və Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycan Qərbin hərbi infrasrukturunu regiona daşımır. Yəni, Azərbaycan NATO, yaxud Kollektiv TMT-nin üzvü deyil, bloklara qoşulmama siyasəti yürüdür, müxtəlif güclər arasında tarazlıq yaradan müstəqil aktordur.

Məhz çoxvektorlu siyasət ölkəmizin beynəlxalq aləmdə diplomatik paytaxt statusunu daha da gücləndirməyə imkan verir. Bakı artıq təkcə regional mərkəz deyil, müxtəlif tərəflərin vasitəçilik üçün müraciət etdiyi platformalardan biridir. Vaxtilə NATO-Rusiya, ABŞ-Rusiya yüksək çinli generalları, daha sonra Türkiyə-İsrail siyasi nümayəndə heyətlərinin Bakıda görüşməsi təsadüfi deyildi, ölkəmizin etibarlı, təhlükəsiz və balanslı məkan kimi qəbul edilməsinin nəticəsi idi. Söhbət klassik mənada “qlobal vasitəçi mərkəz” olmaqdan, Cenevrə və Vyanaya çevrilməkdən gedir, çünki “dialoq üçün uyğun platforma” statusunu qazanmışıq. Bu isə gələcək üçün çox ciddi potensial deməkdir.

Mürəkkəb geosiyasi şəraitdə belə platformalara ehtiyac getdikcə artır. 21-ci əsrin tək qalib ölkəsi kimi, son iki əsrlik savaşı qazandığımız bir vaxtda ətrafımızda iki qlobal toqquşmadan qorumaq o qədər də asan deyil.

Lakin Ukrayna Prezidentinin Azərbaycana səfəri təsadüfi deyil, yalnız iki dövlətin mənafelərini əhatə etməyib, dünya təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. 4 ildən artıqdır Rusiyanın hücumlarına məruz qalan bir ölkə ağır humanitar, iqtisadi və hərbi vəziyyətdədir, müxtəlif istiqamətlərdə Moskva ilə, nəhayət, anlaşmağa diplomatik kanallar axtarır. İndi dünyada yalnız balanslı siyasətlə böyük güclər arasında tarazlıq yaratmaq yetərli deyil, çevik siyasətlə bir tərəfdən aktiv oyunqurucu dövlət olmağı bacarmalısan, digər yandan risqlərin bölüşdürülməsi yollarını tapmalısan.

Zelenskinin açıq mətnlə dediyi kimi, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan ən ağır şərtlər altında - işğal dövründə də Ukraynanın ərazi bütövlüyünü prinsipial şəkildə müdafiə edib, lakin Moskva əleyhinə bloklara da qoşulmayıb - forpost olmayıb, regionda anti-Moskva cəbhəsi açmayıb, ona görə də rəsmi Kiyev Bakını Türkiyə qədər danışıqlar üçün alternativ məkan sayır.

Əlbəttə, Ukrayna rəhbərinin məlum açıqlamasından keçən 5 gün ərzində Rusiya ilə danışıqlar məsələsi ətrafında müxtəlif spekulyasiyalar aparılsa da, Kremlə yaxın bəzi media və parlament təmsilçilərinin bunu “blef” kimi qiymətləndirməsinə baxmayaraq, Azərbaycana qarşı açıq mənfi münasibət faktiki olaraq, müşahidə olunmur. Göründüyü kimi, rəsmi Bakının neytral və etibarlı tərəf kimi qəbul olunması şübhə doğurmur.

Əgər Azərbaycan potensial olaraq, Rusiya–Ukrayna danışıqları üçün məkan kimi seçilərsə, prosesin məhz sülh istiqamətində irəli aparılmasına qadirdir. Çünki Azərbaycan hər iki tərəfə sözünü deyə bilən nadir dövlətdir, gizli geosiyasi oyun aparmır və risqləri real qiymətləndirir.

Digər tərəfdən, bəzi regional nümunələr göstərir ki, vasitəçi olmaq üçün yalnız iddia kifayət etmir - tərəflər üzərində etimad və təsir imkanları lazımdır. Azərbaycan isə həm Moskva, həm də Kiyevlə eyni məsafədə dayanaraq, öz mövqelərini təqdim etmək imkanına malikdir. Məsələn, İran tərəfi ABŞ ilə danışıqlar prosesinin sonunda Pakistanı onda ittiham etdi ki, Trampa İranın sözünü deyə bilmir, lakin Azərbaycan Moksva və Kiyevə 4 illik savaşın bitməsi üçün strateji baxışlarını təqdim edə bilər...

 

Üstəlik, Azərbaycanın Türkiyə və ABŞ ilə yüksək səviyyəli münasibətləri danışıqların beynəlxalq dəstək qazanmasına əlavə zəmin yaradır. Nəhayət, Qarabağ Zəfərindən sonra sülh üçün ən yaxşı dialoq və barış məkanı məhz Bakıdır - regionda formalaşan yeni reallıq fonunda Azərbaycanın iki əsrlik düşmənçiliyə son qoymaq iradəsi və formulu digər qlobal müharibələr üçün də real və praktik nümunə kimi çıxış edə bilər.

Müasir beynəlxalq münasibətlər sistemi bizə bir daha göstərir ki, dövlətlərin üzləşdiyi əsas risklərdən biri onların böyük geosiyasi qarşıdurma zonasına düşməsidir. Ukraynanın yaşadığı mürəkkəb vəziyyət - milyonlarla insan öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb, insan itkiləri yüz minlərlə ölçülür, ölkənin iqtisadi və sosial infrastrukturu isə böyük dağıntılara məruz qalıb - risklərin real nəticələrini nümayiş etdirir.

Eyni zamanda, münaqişə şəraitində təqdim olunan geniş maliyyə vəsaitləri və dəstək paketləri qısamüddətli sabitləşdirici rol oynasa da, uzunmüddətli perspektivdə əlavə iqtisadi öhdəliklər və borc yükü yarada bilir.

Hər bir ölkə üçün prioritet məsələlərdən biri milli maraqları qorumaqla yanaşı, özünü qlobal toqquşmaların mərkəzinə çevrilməkdən qorumaqdır. Azərbaycanın dövlətçilik təcrübəsi böyük dövlətçilik tarixi olan Kiyev üçün əvəzsiz nümunələr təqdim edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs mürəkkəb geosiyasi şəraitdə çoxvektorlu diplomatiyanın və milli maraqların necə qorunmasının bənzərsiz nümunəsidir. Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir.

50-dən artıq dövlətin fəal hərbi-maliyyə və humanitar yardımına baxmayaraq. Son olaraq, 90 milyard avroluq kreditin verilməsi fonunda Ukrayna gündəlik qaydada dağıntılara məruz qalır. Nəhayət, savaşın durudurulması yolunu tapmağı düşünmək müharibəni davam etdirmək qərarından üstün olmalıdır.

Eyni zamanda, regionumuzda İran ətrafında formalaşan gərginlik münasibətlərin əhəmiyyətini daha da artırır. Yaxın Şərq, Körfəz ölkələri və İran amili təkcə regional deyil, qlobal gərginliyin yerləşdiyimiz yaxın 300 km-lik zolaqda hansı təhlükələrin mövcud olduğunu göstərir. Azərbaycan savaş zolağında deyil, əksinə müxtəlif tərəflərlə dialoq saxlaya bilən nadir aktorlardandır.

Ukrayna rəhbərinin ölkəmizlə əlaqələrə xüsusi önəm verməsi və Kiyevin İranla münasibətlərindəki düşmənçilik çağırışları Zelenskinin Yaxın Şərqlə bərabər, Türkiyə-Azərbaycan trekini aktiv qorumağa məcbur edir. Gözlənilən sülh müqaviləsi hər bir müharibə aparan tərəf üçün əvəzsiz nümunədir.

Qlobal təhlükəsizlik böhranı Qarabağ Qələbəsinə əsaslanıb yenidən formalaşdırmaq mümkündür".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər