Siyasət
605
16:37, Bu gün

"Millətimin adını, dilini sevməyənlərə sevgi göstərmək də imandan deyil"

Bir daha Azərbaycan cəmiyyətini düşüncə etibarı ilə bölən İran-İsrail və ABŞ münasibətləri barədə yazmağı qərara aldım.
 
Təəssüf ki, biz həmişə obyektiv olmağa çalışarkən nədənsə qınayıcı oluruq, fərqli düşüncədə olanı düşmən elan etməkdən belə çəkinmirik.
 
İran və onun ətrafında baş verən hadisələrin siyasi mahiyyəti barədə bir neçə dəfə öz fikirlərimi bölüşmüşəm. Şərhlərdə, hətta statuslarda təqdir olunmaqla yanaşı, qınaq obyektinə də çevrilmişəm. Məni hətta İsrail,  ABŞ yançısı kimi lənətləyənlər də olub. Sanki mən İranı, İslam dünyasını, müsəlmançılığa qarşıyam, məsələyə hətta dini-mənəvi aspektdən də yanaşıb yamanlayanlar da az olmayıb.
 
Gəlin, səmimi olaq. Siyasəti, region hadisələrini, müharibəni, insan ölümlərini kənara qoyub, öz halımız ilə qiymət verək.
 
Hər şey maraqlara və mənfəətə bağlıdır. Yəqin ki, bununla bağlı mübahisə etməzsiniz.  Ətrafımıza, ən doğmalarımıza, bizimlə eyni şəhəri, eyni kəndi bölüşən insanlara hansı yerdən qiymət veririk, hansı aspektdən yaxşı və ya pis deyə bölgü aparırıq, necə münasibət qururuq?
 
Təbii ki, bizə və mənafelərimizə münasibətdən kənar qiymətləndirməmiz olmur.
 
Əcəba, bizə pislik edən qonşumuzla (mənafeyimizi nəzərə almayan) necə davranırıq?
 
Bizə hörmət etməyən, saymayan, hər hansı bir məsələdə marağımızı nəzərə almayan qohum-qardaşla münasibətimiz necə olur?
 
Küçədə ayağımızı tapdayıb üzr istəməyən təsadüfi bir vətəndaşımız barədə nə düşünürük, maşınımıza toxunan bir sürücü günahkardırsa, nə edirik, qonşu torpağımızın bir kiçik hissəsini zəbt edəndə reaksiyamız necə olur? 
 
Niyə hər gün bu qədər ölüm hadisələri,  cinayətlər törədilir, niyə ər arvadı, ata oğulu, oğul ananı öldürür?
 
Niyə biri əlinə fürsət düşən kimi o birinin haqqına girir, nədən ədalətsiz qərarlar qəbul edilir?
 
Niyə qardaş qardaşa, qohum qohuma, arvad ərə, qonşu qonşuya düşmən kəsilir?
 
Hamımız müsəlman deyilikmi? 
 
Hamımız qohum sayılmırıqmı?
 
Hamımız eyni ölkənin vətəndaşı deyilikmi?
 
Hamımız eyni dildə danışıb, eyni dini bölüşmürükmü?
 
Nədən burda bağışlamadıqlarınızı "müsəlmandır, şiədir" deyib, İranda bağışlamağı seçirsiniz?
 
Bağışlamaq gözəldir, o zaman əvvəlcə özünüzə baxın, kimi bağışladınız, harda haqqınızdan keçdiniz, mənim həmvətənimdir, dindaşımdır deyib gülümsədiniz, düşmən olmadınız?
 
Etmədik, etmirik, etməyəcəyik... Çünki hər birimizin maraq və mənafeləri var.
 
Kimsə dünyanın harasında olmasından asılı olmayaraq, öz maraqlarını başqasına vermir.
 
İran bizim maraqlarımıza əl uzadıb, uzadır və uzadacaq. 
 
İstəyir gündə 17 rükət namazını qılsın, mənimlə eyni gündə Qurban, Ramazan bayramlarını keçirsin, sevdiyim əhli-beytə hörmətlə yanaşsın.
 
Torpağımız bölünür - içində İran var.
 
Yoxdurmu?
 
Torpağımız işğal olunur - bir yerindən İran (Rusiya) çıxır.
 
Çıxmırmı?
 
Ərazilərimizi işğaldan azad etməyə qalxırıq, qarşımızda İran durur.
 
Durmurmu?
 
Naxçıvanla quru sərhədi üçün yol açmaq istəyirik, yenə qaratikan kolu kimi ortada İran bitmək istəyir.
 
İstəmirmi?
 
Dini, mədəniyyəti bir olan Azərbaycan xalqını qoyub, ermənilərlə kökümüz birdir, deyir.
 
Demirmi?
 
Küçədə maşınınızı azca zədələyən, evinizdən kiçik bir əşyanın oğurlayan, metroda ayağınızı tapdayan adamı bağışlamayan cəmiyyət nədən İranı bağrına basmaq istəyir?
 
Müsəlmandırmı, şiədirmi, qonşudurmu?
 
Bir baxın, burda haqqınıza, mənafeyinizə girənlər də müsəlmandır, şiədir. Həm də eyni ölkənin vətəndaşlarıyıq, qohumuq, qardaşıq, dostuq, əmioğlu, xalauşağıyıq.
Nədən onda bu ölkədə bu qədər küsülülüklər, incikliklər, düşmənçiliklər var?
 
Çünki mənafelərimizi, maraqlarımızı nəzərə almayıblar, incimişik, küsmüşük, düşmən olmuşuq.
 
Biz illərdir, İrandan incidik, onun üçün mənası olmadı, çünki marağı elə tələb edirdi. 
 
İllərlə İrandan küsdük, o Ermənistanı qorudu, dəstək verdi, yanında oldu, mənafeyinə bu siyasət uyğun idi.
 
Biz İranla düşmənçilik səviyyəsinə çatdıq, onun üçün hava daha xoş oldu, düşmənçiliyini davam etdirdi.
 
İndi qalxıb da niyə İrana bu münasibətə sevinirsiniz və ya İranın yanında deyilsiniz, sualını verməklə səmimisiniz?
 
Əsla...kimlərinsə xoşuna gəlmək istəyirsiniz...
 
Bu qədər!
 
Mən heç bir halda insanların, özəlliklə günahsız insanların ölümünü təqdir etmirəm, müharibəyə qarşıyam.
 
Amma İran illərdir, öz içində, öz vətəndaşına qarşı müharibə aparır, öldürür, asır, yurdundan perik salır. 
 
Deyəcəksiniz sənə nə?
 
Axı o adamların çoxu həm də mənim millətimin nümayəndəsidir, türk olduğuna görə əzilir, öldürülür, evindən didərgin salınır. 
 
Ermənistanla buna görə düşmən deyilikmi?
 
Rusiyanı bu səbəbdən sevmirik.
 
İranı niyə sevək?
 
Təkcə müsəlmandlr deyəmi?
 
Biz müsəlman deyilikmi, şiə deyilikmi?
 
Niyə İran bizi heç sevmədi?
 
İran Fələstini müdafiə edir? 
 
Müsəlman faktoru əsasdır, eləmi?
 
Bəs İraqla niyə döyüşür?
 
İraqlılar moltanıdır?
 
Bu qədər yəni?
 
Hər kəs hər yerdə maraq və mənafeləri üçün var, münasibətlər də ona uyğun qurulur. 
 
İsrail və ABŞ da maraqlarımıza cavab verməyən siyasət yürütsə, ona da düşmən olacağıq.
 
Hələliksə, maraqların barometri təkcə dindaşlıqla bağlı deyil. 
 
Dinini dəyişənlər heç vaxt millətini dəyişə bilmədi.
 
Bizim İrana münasibətimiz adekvatdır, millətimin adını, dilini sevməyənlərə sevgi göstərmək də imandan deyil. 
 
Hubbul Vətən, min-əl iman...Vətəni sevmək imandandır!
 
Yaşasın Azərbaycan!
 
İqbal Ağazadə, 
Azərbaycan Ümid Partiyasının sədri
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər