Ermənistanın paytaxtı İrəvanda bir qrup homofob ötən gün öldürülən transgender qadın Adriananın xatirəsinə toplaşan erməni kvirfəalların küçə toplantısına hücum edib.
Bu barədə “DOXA” nəşri məlumat yayıb.
Bildirilib ki, polis hadisəni sadəcə izləyib və müdaxilə etməyib.
“Bir qrup homofob bizə daş atmağa başladı və polislər sadəcə olaraq buna baxıb heç bir tədbir görmədilər. Bildiyimə görə, heç kim xəsarət almayıb”, - aksiyaya qatılmış fəal Kelli Ovanisyan “DOXA”ya deyib.
Hücum nəticəsində daşqalaqdan bir neçə nəfərin yüngül xəsarət aldığı, bir nəfərin isə qolu qırıldığı vurğulanıb.
Xatırladaq ki, ötən gün İrəvanda 28 yaşlı Adriana öz mənzilində öldürülüb. Qətldən sonra mənzil yandırılıb. Yerli hüquq müdafiəçisi Lilit Martirosyanın sözlərinə görə, olaydan bir həftə öncə Adriana təqiblərdən gileylənib. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.