Moderator.az-ın APA-ya istinadən məlumatına görə, müşavirənin gündəliyinə qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı vəziyyət və ictimai-siyasi vəziyyət daxil edilib.
KXCP Ali Məclisinin sədri Bəybala Əbil partiyanın seçki hazırlıqları barədə danışıb. O qeyd edib ki, KXCP Mili Şuranın vahid namizədini dəstəkləyir və partiya fəalları da bu istiqamətdə təbliğat-təşviqat prosesində seçkinin müşahidəsində çox fəal iştirak etməlidir.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə ölkədəki ictimai-siyasi vəziyyət, KXCP-nin Milli Şurada iştirakı ilə bağlı çıxış edib. O bildirib ki, partiya yanvarın 26-da prezident seçkilərində öz namizədi ilə iştirak barədə qərar qəbul etsə də, müxalifətin geniş koalisiyasının yaradılması haqqında da qərar qəbul edərək digər partiyalara müraciət edib: “Bunun nəticəsi olaraq, nəhayət müxalifətin birliyi olan Milli Şura yarandı və biz vahid namizədin müəyyənləşdirilməsində yaxından iştirak etdik. Bu quruma daxil olarkən düşündük ki, Milli Şurada fəaliyyətimizi əlaqələndirə və işlərimizi görə bilərik. Kimin nə deməyindən asılı olaraq, Cəmil Həsənlinin vahid namizəd seçilməsi doğru qərar idi”.
Sonra partiyanın rayon təşkilatı sədrləri çıxış edib.