Gündəliyin təsdiqindən sonra söz AXCP sədri Əli Kərimliyə verildi:
AXCP sədri partiyanın bundan əvvəlki sessiyasında seçkiyə hazırlıq məsələsinə toxunduqlarını xatırladaraq qeyd etdi ki, yerlərdə bu istiqamətdə işlərin getdiyi haqda xəbərdardır.
Əli Kərimli demokratik qüvvələrin geniş tərkibdə birləşməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsini düzgün yürüdülmüş siyasət adlandırdı. Bildirdi ki, bu, hakimiyyəti ciddi narahat etdi və hakimiyyət İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün düşünməyə başladı.
AXCP sədri İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasının təsdiqlənməməsini siyasi səbəblərlə izah etdi və bu problemin Azərbaycanla Rusiya hakimiyyətləri arasında münasibətlərin istiləşməsindən sonra yarandığına diqqət çəkdi.
Əli Kərimli seçki gününün irəli çəkilməsini də Milli Şuranın vahid namizədini seçkidən kənarda saxlamaq istəyi ilə izah etdi.
AXCP sədri bildirdi ki, partiya hələ ötən sessiyada İbrahimbəyovun sənədləri qaydaya düşən kimi onun kampaniyasının təşkili üçün görülməli işləri müzakirə edib və bu barədə indi hesabatlar dinləniləcək.
Bununla yanaşı, Əli Kərimli yeni situasiyanın yarandığını ”“ Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qala biləcəyi ehtimalı yaranıb. Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. AXCP indiyə qədər olduğu kimi bu məqamda da konstruktiv mövqe tutmalıdır. Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir. Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər.
AXCP sədri qeyd etdi ki, ölkədə demokratik seçki mühiti olsaydı, partiya təkbaşına öz namizədi ilə hakimiyyətin istənilən namizədinə qalib gəlmək gücündədir. Lakin demokratik seçki mühiti olmadığı indki situasiyada demokratik qüvvələr böyük birlik şəklində seçkiyə getməlidirlər. Yalnız bu halda Azərbaycandakı kimi sülalə rejimlərinə qalib gəlmək olar.
Əli Kərimli sonda bəyan etdi ki, Azərbaycan cəmiyyəti AXCP-nin heç bir halda öz maraqlarını xalqın maraqlarından üstün tutmayacağına, yalnız xalqın xeyrinə qərarlar verəcəyinə əmmin olmalıdır.