Siyasi təqiblər üzündən ölkəni tərk etmiş ADP-çi gənc Emil Ağabəyovun ailəsi rahat buraxılmır. Xatırladaq ki, Emil Ağabəyov 2011-ci ildə Azərbaycanda sosial şəbəkələr vasitəsi ilə keçirilən etiraz aksiyalarında aktiv iştirak etdiyinə görə dəfələrlə polis və mülki geyimli şəxslərin zorakılıqlarına, təqiblərinə və təhdidlərinə məruz qalmışdı. Siyasi fəaliyyətinə və müxalifətin təşkil etdiyi kütləvi aksiyalarda aktiv iştirakına görə dəfələrlə inzibati qaydada həbs olunan Emil Ağabəyov hakimiyyət orqanları tərəfindən ciddi təqiblərlə və həbs təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmək məcburiyyətində qalıb. O, ölkəni tərk etdikdən sonra da özünün siyasi fəaliyyətini virtual olaraq davam etdirmiş və zaman-zaman mətbuatda hakimiyyətin siyasətinin tənqid edən yazılarla çıxış etmişdir. Bu səbəbdən də onun ölkədə olan yaxınları və qohumları təqiblərə məruz qalmaqdadır. Belə ki, verilən məlumata görə ADP üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Emil Ağabəyovun yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar. Emilin harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Emilin yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Emilin ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər onları təhdid edərək, Emili tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Məlumdur ki, Emil Ağabəyovun təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi və hakimiyyəti tənqid edən yazıları ilə əlaqədardır. Şübhəzis, Emil Ağabəyovun kimi gənclərin fəallığı və mətbuatda hakimiyyətin yarıtmaz siyasətini ciddi tənqid etməyi hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir. Təbii ki, Emil Ağabəyovun və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd narazı olan əhalinin, xüsusi ilə gənclərin gözünü qorxutmaq, onları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir.