AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin AMEA prezidenti Akif Əlizadəyə teleqram göndərərək istefa ərizəsini geri götürdüyünü, əmək fəaliyyətini davam etdirmək istədiyini bildirib.
Maraqlıdır,
işdən azad olunmaq xahişi ilə istefa ərizəsi yazan şəxs bu ərizəni geri götürə
bilərmi? Onun bu istəyi işə götürən şəxs tərəfindən nəzərə alınmalıdırmı? Əmək
Məcəlləsində bu kimi hallar necə, hansı müddəalarla tənzimlənir?
Bununla
bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov istisna halları
çıxmaq şərti ilə işçinin istefa ərizəsini bir ay müddətində geri götürmək
hüququna malik olduğunu bildirib:
“Bu cür vəziyyətlərdə iki variant ola bilər. Əgər məsələ
Azərbaycan respublikasının səlahiyyətində olan məsələdirsə, yəni həmin şəxs işə
ölkə başçısının sərəncamı ilə qəbul olunubsa, o zaman bu məsələdə Əmək Məcəlləsinin
tələbləri tətbiq olunmur. Lakin akademik Tofiq Hacıyevlə bağlı məsələ fərqlidir.
O, vəzifəyə AMEA rəhbərliyinin, Rəyasət Heyətinin qərarı əsasında qəbul edilib.
Bu cür hallarda isə məsələ Əmək Məcəlləsinin müddəaları əsasında həll olunur.
Əmək Məcəlləsinin 69-cu
maddəsinə görə, əgər işçi işdən çıxmaqla bağlı ərizə verirsə, bir ay ərzində o
işini davam etdirməlidir. Əgər işə götürən onu işdən dərhal azad etməyibsə,
işçi öz işini bir ay müddətində davam etdirə bilər. Işçini işdən dərhal azad
etmək üçün də əsaslar olmalıdır. Ərizə verən şəxs başqa yerə köçdükdə,
pensiyaya çıxdıqda, başqa yerdə işə girdikdə işşə götürən işçini dərhal işdən
azad edə bilər. Digər hallarda isə Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə
görə, işçi öz işini bir ay davam etdirməlidir. Bu bir ay ərzində işçi öz ərizəsini
geri götürə bilər. Belə olan halda onun ərizəsi geri qaytarılmalıdır. İşçi
yalnız bir halda öz ərizəsini geri götürə bilməz. Bu isə o zaman ola bilər ki,
işə götürən onun yerinə başqa işçi götürsün. Əgər akademik T.Hacıyev istefa ərizəsinin
geri götürülməsi ilə bağlı müraciəti bir ay müddətində edibsə, o, ərizəsini
geri götürə bilər. Amma eyni məsələ Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin
edilən şəxslərlə bağlı olduqda, həmin vəzifəli şəxslərə Əmək Məcəlləsinin 69-cu
maddəsinin müddəaları tətbiq edilmir. Bu,
prezidentdən asılı olan bir məsələdir. Hansısa nazir istefa ərizəsi yazarsa və
prezident bu ərizəni qəbul edib başqasının həmin vəzifəyə təyin edilməsi ilə
bağlı sərəncam verərsə, həmin şəxs istefa ərizəsini geri götürə bilməz. Bunun
heç bir əhəmiyyəti yoxdur”.
Seymur Əliyev