Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 140 illiyi münasibəti ilə fəxri ad almaq üçün 800 nəfərdən çox jurnalistin müraciət etdiyini bildirib.
V.Səfərlinin təqdim etdiyi statistikadan da göründüyü kimi, bu il demək olar ki, jurnalistika sahəsində çalışan hər kəs fəxri ad almaq, sinəsini “Tərəqqi” medalı ilə bəzəmək iddiasındadır. Bu gün nə az-nə çox ”“ düz 800 media əməkdaşı hesab edir ki, o, Azərbaycan mətbuatı, eləcə də Azərbaycan xalqı qarşısında əlahiddə xidmətlərə malikdir və məhz bu səbəbdən dövlət onların bu xidmətini görməyə, onları bu xidmətlərə görə mükafatlandırmağa borcludur.
Hər şeydən öncə qeyd edək ki, media sektorunda çalışan və ya mətbuatla az-çox təması olan hər kəs yaxşı bilir ki, bu gün Azərbaycan mediasında nəinki hansısa fəxri ada layiq, ümumiyyətlə lazımi peşəkarlığa və peşə əxlaqına malik heç 80 nəfər jurnalist belə mövcud deyil. Medianın tənəzzül etdiyi, maddi və siyasi baxımdan dövlətdən, ayrı-ayrı məmurlardan asılı vəziyyətə salındığı, hakimiyyətin sifarişlərinin icraçısına çevrildiyi, simasızlaşdırıldığı, jurnalistlərin vaxtaşırı həbs edildiyi, təzyiq və təqiblərə məruz qaldığı bir ölkədə 800 jurnalistin fəxri adla bağlı iddia ortaya qoyması əslində Azərbaycan jurnalistikasının faciəsi kimi dəyərləndirilməlidir. Əslində bu olay Azərbaycan mediasının acınacaqlı durumu ilə yanaşı, həm də bu sahədə çalışan insanların mənəvi çöküşünü göstərir.
Yalnız jurnalistin deyil, hansı sahədə çalışmasından asılı olmayaraq istənilən peşə sahibinin fəxri ad, yaxud hansısa dövlət mükafatı almaq üçün öz adından, öz təşəbbüsü ilə çıxış etməsi hər şeydən öncə əxlaqi-mənəvi baxımdan yolverilməz, təvazökarlıqdan uzaqdır. Bu, həmin peşə sahibinin iddia etdiyi mükafata layqisizliyinin təsdiqi, isbatı kimi də qəbul edilə bilər. Əgər bir insan həqiqətən də fəxri ada layiqdirsə, onun təltif edilməsi tələbi ilə həmin şəxsin özü deyil, xidmət etdiyi xalqın, ictimaiyyətin, dövlətin öz nümayəndələri çıxış edəcək, həmin şəxs öz xidmətləri ilə titilsuz belə xalqın hörmət və rəğbətini qazanacaqdır. Sabiq təhsil naziri Firudin Cəlilova prezident təqüdinin verilməsi ilə bağlı millət vəkillərinin, partiya sədrlərinin, ictimai-siyasi xadimlərin apardığı kampaniya buna misaldır.
Bir şəxsin dövlət və ya xalq qarşısında hətta həqiqətən də sanballı xidmətləri varsa belə, onun bu xidmətlərə görə fəxri ad tələb etməsi, etdiklərinə görə dövlətdən haqq tələb etməsi, təmənna umması deməkdir. Halbuki, əsl peşəkarlıq, əsl sənət, xalq və dövlət sevgisi hər hansı təmənnadan, gözləntidən uzaqdır. Lakin təəssüf ki, bu gün Azərbaycan mediasında tamam başqa proses, tamam fərqli tendensiya müşahidə edilməkdədir. Bu isə onu göstərir ki, Azərbaycan jurnalistikası müəyyən istisnaları çıxmaq şərti ilə, həqiqi peşəkarlıq, vətən və xalq sevgisi, ən əsası ilə ləyaqət hissi ilə çoxdan vidalaşıb.
Bunu da unutmaq olmaz ki, son illər yalnız jurnalistika sahəsində deyil, mədəniyyət, incəsənət, ədəbiyyat və s sahələrdə yeganə xidməti hakimiyyətə yarınmaq olar o qədər çox insan fəxri ad alıb ki, artıq bu ad öz əzəli ecazından, ilkin dəyərindən məhrum olub və heç bir müsbət anlam ifadə etmir. Əksinə, bu gün həqiqi peşəkarlığa malik istənilən peşə sahibinin titulsuz olması onun azadfikirliliyi, satılmazlığı, fədakarlığı, ləyaqəti baxımından daha ciddi, daha böyük anlam ifadə edir. Bu gün hər şey kimi fəxri adların belə alınıb-satıldığı bir ölkədə ən ali titul elə titilsuzluqdur.
Bütün bunlarla yanaşı bir həqiqəti də etiraf etmək lazımdır ki, bu da cəmiyyətin biganəliyi,
dövlət və hakimiyyət orqanlarında çalışanların laqeydliyi səbəbi ilə bəzi jurnalsitlərin məcburiyyət qarşısında qalaraq öz namizədliklərini irəli sürməsi faktıdır. Fəxri ad almaq üçün müraciət edən insanların arasında barmaqla sayıla biləcək qədər çox az adam var ki, onlar həqiqətən də bu ada layiqdirlər və onların öz namizədliklərini irəli sürmələrinə səbəb onları tanıyan, onların zəhmətinə şahid olan, bir çox hallarda xidmətlərindən faydalanan insanların belə bir təşəbbüslə çıxış etməməsidir. Və təəssüf ki, bizim edə biləcəyimiz yeganə şey sadəcə fəxri adların öz həqiqi sahiblərinə, bu ada gerçəkdən də layiq olan insanlara veriləcəyinə ümid bəsləməkdir.
Seymur Əliyev
e-mail: [email protected]