Bugünlərdə Gəncə şəhərində ananın iki azyaşlı övladının başını kəsməsi faktı bir müddət bundan öncə Bakı kəndlərinin birində baş verən oxşar hadisəni yada saldı. Hansı ki, həmin olay zamanı qatil qismində yenə də doğma ana iştirak etmiş, öv övladını insan şüururunun dərk edə bilmədiyi xüsusi amansızlıq və qeyri-adi soyuqqanlılıqla qətlə yetirmişdi.
Son vaxtlar bir-birini təqib
edən və getdikcə tendensiyaya çevrilən bu olaylar cəmiyyətdə qorxu, çaşqınlıq və
müəyyən sarsıntı ilə qarşılanmaqdadır. Əslində yaradılışın ilk günündən himayədar
qismində çıxış edən, övladı uğrunda canını belə fəda edən ananın öz rolunu birdən-birə
dəyişməsi, öz övladının qəsdinə dayanması cəmiyyətin mövcud sosial-iqtisadi,
ruhi-psixoloji, əxlaqi-mənəvi durumunu göstərməkdədir. Təbii, özlüyündə geniş və
hərtərəfli şəkildə araşdırılmalı olan bu problemin səbəbləri haqqında ciddi tədqiqat
olmadan qəti fikir söyləmək, hansısa nəticə çıxartmaq doğru olmasa da,
problemin görünən tərəfləri də mövcuddur ki, bu tərəflərdən biri sosial-psixoloji
amillərdir.
Heç kimə sirr deyil ki,
bu gün böyük əksəriyyətin ağır sosial şərtlər altında yaşadığı ölkədə illər
uzunu səfalətin dəmir pəncəsi altında əzilən yüz minlərlə insan var ki,
uzunmüddətli məşəqqətli həyat onların sadəcə simasını deyil, daxili dünyasını,
düşüncə sistemini də arzuedilməz yöndə dəyişib. Bu gün minlərlə insan var ki,
onlar ağır sosial problemlər səbəbi ilə gələcəyə olan ümidləri ilə yanaşı öz əsəblərini,
mənəvi-psixoloji sabitliklərini də itirblər. Zamanla özünə düşmən kəsilən,
Allaha qarşı belə cəbhə alan bu insanlar üçün övladını öldürmək sadəcə an məsələsidir.
Həyatla mücadilədə məğlub olan və ağır psixoloji yara alan bu insanların bir
çoxu yaşadıqları ağır həyatı övladlarının da paylaşmaması üçün onları qətlə
yetirir, öz təbirlərincə desək, gələcək işgəncə və məşəqqətlərdən həmişəlik
sığortalayırlar.
Ümumiyyətlə, kimin nə deməyindən
asılı olmayaraq, övladını qətlə yetirən anaları ittiham etmək, onları etdikləri
əmələ görə suçlamaq doğru deyil. Çünki normalda heç bir ananın hətta ölüm təhlükəsi
qarşısında belə öz övladının qəsdinə durması mümkün deyil.
Övlad qatili olan bu
analar psixoloji baxımdan xəstə, mənəvi-fiziki baxımdan yorğun və ən əsası ümid
və xəyal dünyası əllərindən alınan insanlardır. Bunlar o insanlardır ki, reallıqda
arzuladıqları və layiq olduqları həyatın kölgəsinə belə rast gəlməyiblər və
rast gələcəklərinə dair ən xırda işartı belə mövcud deyil. Onlar əllərindəki
bıçaqla övlad görüşünə bütün arzu və ümidlərinə vida edərək, göylərin və yerin
lənətini gözə alaraq gedirlər.
Biz psixoloji baxımdan xəstə
olan bu insanları qınaya, onları etdikləri əmələ görə ittiham edə bilmərik. Bu,
ayaqlarını itirən və fiziki baxımdan şikəst olan bir insanı ayaqqabı geyməməyə
görə ittiham etməyə bənzəyər. Lakin biz gələcəkdə bu cür olayların qarşısını
almaq üçün lazımi addımlar ata, anaları yenidən övladın himayədarına çevirə bilərik
və bunun üçün istər hökumət, istərsə də
cəmiyyət olaraq hər kəsin edə biləcəyi çox şey mövcuddur. Bu məsələdə mövcud
idarəetmə sisteminin üzərinə daha çox iş düşür. Çünki sosial problemlər səbəbi
ilə baş verən istənilən cinayətdə birbaşa və ya dolayısı olaraq hakimiyyətin məsuliyyət
payı mövcuddur və məhz hökumət öz iqtisadi-sosial siyasi kursu ilə insanların
normal yaşamını təmin etməli, ananı övlad qatilinə çevirəcək qədər vəhşiləşdirməməlidir.
Biz özümüzü bizi biz edən
anaya potensial qatil gözü ilə baxmaq, hər gün hər gecə evimizin içində
öldürülmək qorxusu ilə yaşamaq əzabından xilas etməliyik. Və unutmamalıyıq ki, anaları qatil, övladları qurban rolunda çıxış
edən bir cəmiyyətin toplum olaraq xoş aqibətlə üzləşməsi absurtdur.
Seymur Əliyev
e-mail: [email protected]