Xəbər verdiyimiz kimi, sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Luka di Canfrançesko ilə görüşüb. Görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Maraqlıdır, İtaliya və Azərbaycan arasındakı mümkün hərbi əməkdaşlıq dövlətimizin maraqlarına, eləcə də müdafiə və təhlükəsizliyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, bu əməkdaşlığın hər iki dövlətin mənafeyinə uyğun olduğunu bildirib:
“Bildiyiniz kimi, məlum görüş zamanı Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.
Bizim ssas tərəfdaşlarımız Türkiyə və İsraildir. Hansı ki, bu, beynəlxalq aləmə də bəllidir. Yada salaq ki, torpaqlarımız işğal altına olanda Avropa dövlətləri münaqişə tərəflərinə silah-sursat satmırdı. Müharibədən sonra görürük ki, Fransa Ermənistanı silahlandırır. Avropada isə Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliyadır. Bu baxımdan İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsinin müzakirəsi təbiidir.
Əgər İtaliya Azərbaycana silah-sursat satarsa, bu, münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq ki, bu da hər iki dövlətin marağına uyğundur. Digər dövlətlər, eləcə də Fransa da buna etiraz edə bilməz.
Azərbaycan İtaliyanın hərbi təyyarələrinə də maraq göstərir. Əgər müzkirələr real əməkdaşlığa çevrilərsə, biz gələcəkdə İtaliyadan təyyarələr də ala bilərik”.
Seymur ƏLİYEV