"Bu qanun dini münasibətlər nöqteyi-nəzərdən dövlətin milli təhlükəsizliyini, ictimai qaydaları və konstitusiya quruluşunu təmin edəcək..."
Yaxın zamanlarda Ukrayna Ali Radası rus kilsəsinin Ukraynada qadağan edilməsi barədə qanun layihəsinə baxacaq. Bəlli olduğu kimi, rus kilsəsini Ukraynada Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi təmsil edir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk "Mı-Ukraina" telekanalına müsahibəsində bəyan edib.
"Bu məsələ Ali Radanın bu yaxınlarda keçiriləcək iclasında səsverməyə çıxarılacaq. Bunun nə zaman olacağını deyə bilmərəm, amma yaxın günlərdə olacağına əmin olun", - o, deyib və əlavə edib ki, qanun layihəsi Rus Pravoslav Kilsəsinin Ukraynada qadağan edilməsini nəzərdə tutur.
"Rus kilsəsi Ukraynada qadağan ediləcək. Bu, təklif edilən qanun layihəsinin 3-cü maddəsində nəzərdə tutulub. Bundan başqa, Ukraynada mövcud olan və Rus Pravoslav Kilsəsi ilə hər-hansı əlaqəsi və əməkdaşlığına şübhələr olan dini təşkilatlarda müvafiq ekspertiza keçiriləcək. Məhz bu məsələ ilə peşəkarcasına məşğul olan ekspertlər buna aydınlıq gətirməlidir. Belə əlamətlər aşkar ediləcəyi təqdirdə bu təşkilatların fəaliyyətinin dayandırılması barədə qərar veriləcək", - o, deyib.
Spikerin sözlərinə görə, qanun layihəsi dini münasibətlər nöqteyi-nəzərdən dövlətin milli təhlükəsizliyini, ictimai qaydaları və konstitusiya quruluşunu təmin edəcək.