Ukraynanın Kurska hücumu və ələ keçirdiyi ərazilərdə möhkəmləməyə başlaması bütün dünyanın diqqət mərkəzindədir. Maraq və həyəcanla müşahidə edilən gerçəkliklərdən biri də Kurskdakı rus qoşunlarına köməyə gedin Rusiya kalonlarının Ukrayna tərəfindən “sirli şəkildə” məhv edilməsi, heç cürə öz təyinat nöqtəsinə gedib çatmamasıdır.
Moderator.az xəbər verir ki, Ukraynanın Kursk hücumu Qərbin ən nüfuzlu hərbi institutları tərəfindən nüvə dövlətinə qarşı riskli və cəsarətli hücum kimi dəyərləndirilməkdədir.
Mövcud situasiyada risk amilini səciyyələndirən Rusiyanın sadəcə nüvə silahına malik olması gerçəyi deyil, həm də Ukraynanın bu cəsarətli addımı məhdud resurslar hesabına həyata keçiməsidir. Ekspertləri düşündürən ən başlıda sual isə budur: Ukrayna cəsarəti hesabına birinci raundu qazandı, bəs sonra nə olacaq?
Mütəxəssislərin fikrincə, proseslərin bundan sornakı gedişatı Rusiyanın atacağı addlmlardan daha çox, Ukraynanın atacağı addımlarla bağlıdır. Ukrayna hücumu davam etdirə, yaxud ələ keçirdiyi ərazilərdə möhkəmlənə bilər. Kiyevin tutduğu torpaqları tərk etməsi də mümkün variantlardan biri kimi görünür. Hərbi ekspertlər hesab edir ki, Ukrayna öz hərbi-siyasi planlarına uyğun olaraq bu addımlardan istənilən birini ata bilər. Lakin Kiyev hər bir variantda öz hərbi resurslarını qorumalı, ciddi itkilərdən qaçmalıdır. Əks təqdirdə, Ukraynanın nəhəng insan və texnika resursuna malik Rusiya qarşısında uzun müddət davam gətirməsi çətin ki, mümkün olsun.
Seymur ƏLİYEV