Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Avropa İttifaqının bəzi üzvlərinin ölkəmizə qarşı qərəzli münasibətindən danışıb. Prezident bildirib ki, bəzi dövlətlər Azərbaycana qarşı soyuq müharibə aparır:
“Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir”.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Avropa dövlətləri Azərbaycana qarşı mübarizədə heç nəyə nail ola bilməyəcək:
“Onlar Azərbaycana qarşı mübarizədə heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan onların regiona təsir imkanlarını məhdudlaşdırıb.
Azərbaycanın öz yolu, öz siyasəti var və bu yolda əminliklə irəliləməkdədir. Hansısa Avropa dövlətinin Azərbaycana təsir göstərməsi, ona ciddi problem yaratması mümkün deyil. Bunun üçün onların əlində heç bir ciddi təsir mexanizmi də yoxdur. Onların anti-Azərbaycan səyləri hər zaman məyusluq və uğursuzluqla nəticələnəcək”.
Seymur ƏLİYEV