Moderator.az xəbər verir ki, bundan sonra planetimiz 50-dən çox peyk tərəfindən hər 20 dəqiqədən bir skan ediləcək. Buna səbəb planetdəki meşə yanğınlarını vaxtında aşkarlamaq, onlara qarşı mübarizədə gərəkli məlumatı minimum müddətdə əldə etmək zərurətidir.
Bütün dünya üçün ciddi yenilik sayılan bu layihə NASA, Google, SpaceX, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti və digər nəhəng qurumlar tərəfindən aktiv şəkildə dəstəklənməkdədir. Mütəxəssislər hesab edir ki, planetin kosmosdan yanğınlara qarşı daim nəzarətdə saxlanması meydana gələcək yanğınları dərhal müəyyən etməyə, habelə onun zərərini azaltmağa kömək edəcək. Layihədə iştirak edəcək ilk üç peyk 2026-cı ilə qədər fəaliyyətə başlayacaq və planetdəki vəziyyətin intensiv təhlilini aparacaq.
Ekspertlər iddia edir ki, əsrin ortalarına doğru meşə yanğınları 30% artacaq. Belə olan halda alovlarla mübarizə üçün kosmosun imkanlarından istifadə ikiqat əhəmiyyət kəsb edəcək.
Bütövlükdə mütəxəssislərin qənaətincə, bu gün müasir texnilogiyanın imkanlarından meşə yanğınlarına qarşı mübarizədə lazımınca istifadə edilmir. Bu isə planetin “ağ ciyərlərini” qorumağı çətinləşdirir.
Seymur ƏLİYEV