I Avropa Oyunlarına hazırlıq çərçivəsində ölkənin yalnız idman həyatına deyil, məişət həyatına gətirilən yeniliklərin də sayı az deyil. Buna misal olaraq yollarda tıxacların baş verməməsi üçün yük maşınlarının şəhərə girişinin məhdudlaşdırılması, mağaza və marketlərə məhsul paylayan firma maşınlarının yalnız gecə saatlarında hərəkətinə icazə verilməsi, müasir tələblərə cavab verən dayanacaqların quraşdırılması, nəqliyyatın normal və nizamlı hərəkətini tənzimləmək üçün sistemli fəaliyyətin ortaya qoyulması və s. göstərmək olar. Bakı bulvarındakı sərnişin gəmilərindən tutmuş şəhərin bir çox mərkəzi ərazilərinə qədər pulsuz internet imkanı yaradan WI-FI şəbəkəsinin yaradılması, metro və digər ictimai nəqliyyat vasitələrinin gec saatlarına qədər işləməsinin təmin olunması və s. də hakimiyyətin avropalı qonaqların gəlişinə ciddi mənada hazırlaşdığından xəbər verir.
Ölkədə keçiriləcək yarışlara hazırlıq üçün görülən bütün bu işlər Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsilçiliyi və gələn qonaqlarda xoş təəssürat yaratmaq baxımından nə qədər təqdirəlayiq olsa da, hazırlıq prosesinin vətəndaş hüquqlarının pozulması ilə paralel müşahidə edilməsi və müvəqqəti xarakter daşıması insanlarda bir o qədər hiddəd və narazılıq doğurur.
Maraqlıdır, madam ki, hakimiyyət avropalılara hər cür rahatlıq və firavanlıq yaratmağı, onların ən xırda ehtiyaclarını belə təmin etməyi lazım bilir və bunu bacarır, o zaman niyə bu rahatlıq və firavanlığı öz xalqı üçün təmin etmir? Axı I Avropa Oyunlarına hazırlıq məqsədi ilə aparılan işlər bir daha göstərir ki, yollardakı tıxacı aradan qaldırmaq, ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək üçün ayrıca zolaqlar ayırmaq, şəhərdəki uçuq-sökükləri qısa müddətdə abadlaşdırmaq, metro və digər ictimai nəqliyyat növlərinin az qala 24 saat hərəkətini təmin etmək və bu kimi onlarla müsbət yeniliklərə nail olmaq mümkündür.
Hazırlıq mərhələsi çərçivəsində görülən işlər təsdiq etdi ki, əgər hakimiyyətdə xalqa lazımi sevgi və istək olarsa, xalqın bütün arzu və ehtiyaclarlnı təmin edə bilər. Bəs o zaman son 20 ildir ki, xalqın həsrət qaldığı rahatlıqları qısa müddətdə avropalılar üçün təşkil etmək necə, hansı məntiqlə izah olunmalıdır?
Təəssüflə də olsa qeyd etmək lazımdır ki, I Avropa Oyunlarına hazırlıq fonunda görülən işlər hakimiyyətin xalqın rahatlığı üçün hər cür şəait yaratmaq imkanına malik olduğu, sadəcə bunun üçün səy və zəhmət sərf etməyə lüzum görmədiyini göstərir. Baş verənlər mövcud hakimiyyətin öz xalqına ikinci növ, ikinci kateqoriyalı insanlar kimi yanaşdığı, Qərb insanına öz vətəndaşından daha artıq dəyər verdiyini isbat edir. Halbuki, xalqına bağlı olan, həqiqətən də ona xidmət etmək üçün formalaşan hakimiyyət ilk növbətə öz xalqının rufahını təmin etməli, yalnız bundan sonra digər ölkələrin təmsilçilərinin qayğısına qalmalıdır. Əks təqdirdə, hakimiyyətin başqa dövlətlərin təmsilçilərinə xidmət cəhdi yaltaqlıq və yarınmaq nümunəsi kimi hər kəsdə -ilk növbədə əcnəbilərin özündə daxilən ikrah yaradacaq və hakimiyyətə sevgidən daha çox nifrət qazandıracaqdır.
Bundan başqa, unutmaq olmaz ki, özgə xalqları öz xalqından üstün tutmaq, öz xalqını ehtiyaclar içərisində qoyub digər xalqların rahatlığını düşünmək, onları çiçək çələngi ilə qarşılayıb, gül dəstəsi ilə yola salmağa cəhd etmək sadəcə yaltaqlıq deyil. Bu, həm də xalqa xəyanətdir.
Avropalıları ölkədəki “tərəqqiyə” inandırmaq üçün “müvəqqəti səadət”, yalançı inkişaf və ictimai sevinc görüntüsü formalaşdırmaq, onlar gedəndən sonra yenidən köhnə idarəetmə metodları və yaşam tərzinə “həyat vermək” həm də mövcud idarəetmə sisteminin simasızlığından xəbər verir. Halbuki, hakimiyyət xalqın səsinə, onun istəklərinə və ən əsası öz vəzifə borcuna layiq formada fəaliyyət göstərsəydi, yalnız Azərbaycanda deyil, bütün dünyada hər kəsin rəğbət bəslədiyi simaya sahib ola bilərdi. Lakin bu gün hakimiyyətin özü üçün cızdığı yol tamamilə fərqlidir və bu yol xalqın deyil, yalnız hakimiyyətin səadətinə hesablanıb. Fəqət hakimiyyət unutmamalıdır ki, xalqına müvəqqəti səadət bəxş edən istənilən hakimiyyətin öz səadəti də müvəqqəti və keçici olur. Yaxın və Orta Şərqin ərəb hakimiyyətlərinin səadəti kimi...
Seymur Əliyev
e-mail: [email protected]