“Crocus City Hall”-da vətəndaşlara qarşı dəhşətli qətliam törədən Dalerjan Mirzəyevlə bağlı bəzi təfərrüatlara aydınlıq gəlib.
“Komsomolskaya Pravda”nın müxbirləri 32 yaşlı Dalerjan Mirzəyevin Novosibirskdə bir müddət evində yaşadığı qohumunu tapıblar.
Adının açıqlanmamasını xahiş edən qohum terrorçunun onun evinə necə gəlib çıxdığını danlışıb:
“Uzaq qohumumuzdur, Tacikistandan gəlib. Orada arvadı və dörd uşağı var. O, kənddə böyüyüb, təhsili yoxdur. Tacikistanda sürücülük vəsiqəsi almışdı, vətənində taksi fəaliyyəti göstərirmiş. Sonra pul qazanmaq məqsədilə Rusiyaya gəlib, bir müddət Moskvada taksi sürücüsü işləyib.
– Bəs Novosibirskə necə gəlib?
– Bu dəfə o, mənə Novosibirskdə işləmək istədiyini dedi. Ona mənzilimizdə müvəqqəti yaşamaq icazəsi verdik. O, taksi sürücüsü işləyirdi və bizim evdə yaşayırdı. Üç həftə bizimlə yaşadı, sonta isə köçdü. Uzun müddət ondan xəbər tuta bilmədik. Onun terrorda iştirakını isə xəbərlərdən öyrəndik.
– Sizinlə yaşayanda özünü necə aparırdı?
– Onun davranışında qeyri-adi heç nə yox idi. Mən onda dini fanatizm əlamətləri görməmişəm. Hər halda bizə gələndə özü ilə heç bir dini kitab gətirməmişdi. Amma bunu hansı səbəbdən edirsə etsin, o, layiqli cəzasını almalıdır. Şəxsən mənim üçün artıq belə bir qohum yoxdur. Biz onu qohum kimi evimizə qəbul etdik, bu da axırı…
– Novosibirskdə nə qədər qazanırdı?
– Onunla nadir hallarda söhbətləşmək imkanımız olurdu. İş cədvəllərimiz buna əl vermirdi. Amma bir dəfə gündəlik 1500-2000 rubl qazandığını və Tacikistandakı doğmalarına hər ay pul göndərdiyini demişdi.
– Bəs sizin evdən köçəndə nə dedi? Hara getməyi planlaşdırırdı?
– Noyabr ayında o, mənim mənzilimdən köçdü. Bir dostu ilə yaşayacağını demişdi. Həmin vaxtdan əlaqəmiz itib.
– Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı iclasda Mirzəyev tərcüməçi tələb etdi. O, rus dilini bilmir?
– Bilir, əlbəttə, bilir. Görünür, bu, formallıqdır.
Xatırladaq ki, Moskva yaxınlığındakı “Crocus City Hall”dakı terror aktı martın 22-də saat 20.00 radələrində baş verib. Bir neçə nəfər oradakı insanlara atəş açmağa başlayıb, sonra özləri ilə gətirdikləri benzini yerə tökərək binanı yandırıblar. Terror aktı zamanı 133 nəfər həlak olub, 152 nəfər yaralanıb. /SAVASH.ORG/