Nizami Cəfərov: “Başqa cür, bu dili digər xalqlara beynəlxalq dil kimi necə qəbul etdirə bilərik?”
UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, akademik Nizami Cəfərov Beynəlxalq Türk Dili Gününün elan edilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb:
“Bu, yeni məsələ deyil. Biz onunla bağlı müzakirələr də aparmışıq. Türkoloji konfranslarda bu məsələ hər zaman qaldırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev bu sahədə çox çalışıb. Ötən il biz Seymur Fətəliyev və digər şəxsləlrə bir görüş keçirdik. Beynəlxalq məsləhətləşmə də oldu. Orada mən, Həsən Həsənov, Vilayət Quliyev və başqaları iştirak edirdi. Yəni biz bu məsələnin içəirisindəyik və hesab edirik ki, həqiqətən də Beynəlxalq Türk Dili Günü lazımdır. Sadəcə burada bir problem var. Söhbət qohum dillərdən yox, yalnız bir dildən gedə bilər. Bu gün yalnız bir dilin günü ola bilər. Buna görə də biz məsləhətləşdik ki, Türkiyə tükcəsi mənasında Türk Dili Günü beynəlxalq gün kimi təsis edilsin. Bunun üçün müzakirələr keçirilməlidir və bu müzakirələr üçün ilkin razılıqlar var.
Gün Türkiyə türkcəsi ilə bağlı osla da bu, bütün türk xalqlarına aid edilə bilər. Türkiyə türkcəsi əslində son vaxtlar beynəlxalq dil kimi istifadə etməlidir. Əgər biz türk xalqları arasında Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi olduğunu qəbul eləmiriksə, dünyada bu dili beynəlxalq dil kimi necə qəbul etdirə bilərik?
Buna görə də özümüzü öncədən psixoloji hazırlıq keçməliyik. Cəsarətlə Türkiyə türkcəsini beynəlxalq dil kimi qəbul etməliyik. Çalışmalıyıq ki, sabah azərbaycanlı, özbək, qazax, qırğız, başqırd və s. bir-birləri ilə rus, ingilis, Çin dili ilə deyil, Türkiyə türkcəsi ilə ünsiyyət saxlaya bilsin. Bu mənada Beynəlxalq Türk Dili Gününün yaradılması zəruridir və inanıram ki, yaxın gələcəkdə bu sahədə konkret nəticyə nail olacağıq”.
Seymur ƏLİYEV