Azərbaycanda sosial gərginliyin daha da artacağı, kütləvi narazılığın güclənəcəyi təqdirdə hakimiyyət diqqəti daxili problemlərdən yayındırmaq üçün Qarabağda yeni bir savaşa start verə bilərmi?
Bununla bağlı
Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən ADP sədrinin müavini
Taliyət Əliyev də hakimiyyətin diqqəti daxili gərginlikdən yayındırmaq üçün
müharibə variantına üstünlük verəcəyinə inanmadığını vurğuladı:
“Manatın məzənnəsinin
dollara və avroya nisbətdə ucuzlaşması fonunda ölkədə müşahidə olunan bahalaşma
sözsüz ki, insanların sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərməkdədir. Proses belə
davam edərsə, bahalaşma əhalinin aztəminatlı təbəqəsini var-yoxdan çıxara və nəticə
etibarilə bu da ölkədə sosial partlayışa səbəb ola bilər. Sözsüz ki, hakimiyyət
də bunun fərqindədir və bahalaşmanın qarşısını almaq üçün müəyyən addımlar
atmaqdadır. O ki, qaldı sizin sualınıza ”“ hesab etmirəm ki, hakimiyyət diqqəti
daxili problemlərdən yayındırmaq üçün Qarabağda təmas xəttində süni şəkildə vəziyyəti
gərginləşdirsin və ya müharibəyə başlasın. Bu ağılsız bir addım olardı.
Birincisi, postsovet məkanında baş verən hadisələr onu göstərir ki, indiki
durumda Qarabağda müharibəyə başlamaq Azərbaycanın xeyrinə olan məsələ deyil.
Onsuz da cəbhə bölgəsində Azərbaycanı müharibəyə təhrik edən tez-tez
provakasiyalar baş verir. Bu provakasiyaların arxasında Azərbaycana qarşı təhlükəli
niyyətlər durur. İkincisi, qarşıdan Yay Avropa Oyunları gəlir. Hakimiyyətin əsas
diqqəti bu oyunların yüksək səviyyədə keçirilməsinə, o cümlədən bu oyunların təhlükəsizliyinin
təmin edilməsinə yönəlib. Bu baxımdan hakimiyyət heç vaxt indiki həssas dönəmdə
istəsə belə bu cür addımlar atmaz. Əksinə, hakimiyyət bu gün ermənilər tərəfindən
bu cür provakasiyaları gözləyir. O ki, qaldı müharibənin hakimiyyət üçün hansı
mərhələdə nicat yoluna çevrilə biləcəyi məsələsinə, bu yalnız Rusiya ilə
razılaşdırılmış qaydada mümkün ola bilər. Belə ki, ölkə sosial partlayış
astanasında olarsa hakimiyyət Rusiya ilə razılaşdırılmış qaydada təmas xəttində
lokal müharibə başlayaraq diqqəti müharibəyə yönəldə və bununla da öz məqsədlərinə
nail ola bilər. Amma hakimiyyət ən azı bu il bütün qüvvələrini səfərbər edəcək
ki, belə situasiya ilə rastlaşmasın. Çünki qarşıdan Avropa Yay Oyunları, daha
sonra isə parlament seçkiləri gəlir”.
Seymur
Əliyev