İnsaf da dinin yarısıdır, deyiblər. Biz 20 yanvar faciəsi ilə bağlı kinodramaturq Ramiz Fətəliyevin əməyini unutmamalıyıq. O olmasaydı,bəlkə bu gün həmin qanlı gecənin kino-video görüntülərinin əksəriyyəti də olmazdı...
O vaxt Ramiz Fətəliyev "Azərbaycanfilm"
kinostudiyasının direktoru idi. 19 yanvarda, hələ ilk güllə atılmamışdan qabaq,
kinostudiyanın bütün işçilərini səfərbər etdi: kino operatorları,fotoqrafları,əli
qələm tutan redaktorları və s. hamını vətəni müdafiə etməyə hazır dayanmış əliyalın
insanların toplaşdığı "barikadalara" göndərdi. Əlbəttə, bu iş
könüllülük prinsipiylə edilirdi.Məncə, o vaxt bir nəfər də olsun: "Yox, mən
getmirəm" deyən olmadı.
Vəhşiləşmiş rus əsgərlərinin aman bilməyən
tankları, BTR-ləri və işıq-eləcə də ölüm - saçan güllələri real vaxt rejimində
tarixin yaddaşına köçürüldü.Çəkilişlər səhərə qədər davam etdi. 22 -23 -24
yanvarda isə biz,çox çətinliklə də olsa, tələm-tələsik montaj elədiyimiz bu
kasetləri müxtəlif səfirliklərə,Beynəlxalq təşkilatlara, ölkələrə ötürə
bildik... Bütün bu məsələlər məhz Ramiz Fətəliyevin iştirakı və başçılığı ilə
baş tutdu.
Ölüm qoxulu o müthiş gecədə biz hamımız ölümlə
üzbəsurət,ölümün gözünə baxa-baxa və elə ölümün içində işlədik!..
Allah şəhidlərimizə rəhmət eləsin! Qəbrləri
nurla dolsun! Amin!
Eldəniz
Quliyev