Cahangir Məmmədli: “Tələbələrə verilən təqaüdün maddi önəmi ilə yanaşı, mənəvi önəmi də böyükdür”
“AzerGold” QSC ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçün “Təqaüd proqramı” müsabiqəsi elan edib. Təqaüd ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşı olan tələbələrə veriləcək. Təqaüdün verilməsində məqsəd tələbələrin elmə və təhsilə marağını daha da artırmaq, istedadlı tələbələrə dəstək olmaq, ölkəmiz üçün gərəkli kadrların hazırlanması prosesinə töhfə verməkdir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli “AzerGold” QSC-nin bu addımını yüksək qiymətləndirib:
“Mən “AzerGold” QSC-nin tələbələrlə bağlı bu layihəsini alqışlayır, onlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, tələbəyə dəstək və qayğı ən böyük xeyirxahlıq, ən böyük savabdır.
Bu gün ölkəmizdə tələbələrə dövlətimiz tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Istedadlı tələbələrə Prezident təqaüdü verilir ki, bu da dövlətimizn tələbələrə olan qayğısının göstəricisidir.
Bu cür təqaüdlərin tələbələr üçün maddi önəmi ilə yanaşı, həm də çox böyük mənəvi önəmi var. Bu cür təqaüdlər tələbələrə sosial vəziyyətlərini yaxşılaşdırmağa imkan verir. Təqaüd alması tələbəyə mənəvi baxımdan da stimul verir, onun elmə, təhsilə olan marağını artırır.
Mən bir müəllim, bir professor kimi tələbələrə verilən təqaüdü öz balalarıma verilən təqaüd hesab edir, bu təşəbbüsün müəlliflərini alqışlayıram. Arzu edirəm ki, ölkəmizdə bu tendensiya daha da genişlənsin və daha çox tələbəmiz bu cür gözəl layihələrdən faydalansın”.
Seymur ƏLİYEV