Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Karşıyaka səmtində yerləşən Heydər Əliyev və Azərbaycan Dostluq parklarında olublar.
Nümayəndə heyəti və Türkiyədən olan siyasi, ictimai xadimlər Heydər Əliyev parkında Ümummilli liderin abidəsi ziyarət ediblər, büstün önünə çiçək dəstələri qoyublar.
Ulu öndərin abidəsinin önündə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, 2023-cü ili Azərbaycanda Heydər Əliyev ilidir.
O, daha sonra Ümummilli liderin keçdiyi şərəfli və keşməkeşli ömür yolundan danışıb, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü siyasət barəsində fikirlərini bölüşüb.
Qeyd edib ki, Heydər Əliyevin “bir millət iki dövlət" kəlamı ilə sağlam təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev və qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir.
Nümayəndə heyəti sonra Azərbaycan Dostluq Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər və önünə çiçək dəstələri qoyublar.
Qeyd edək ki, Azərbaycan parlamentinin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, deputatlar Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüqar İsmayılov daxildir.