"Rusiya kəşfiyyatı dünyada istənilən dövlətə zərər vura bilər...Biz barmaqlarımızla çırtma vura bilərik, az qala dünyanın o başında işıqlar sönə bilər..."
"Mən diversiya-kəşfiyyat qrupunda Rusiyanın ərazisinə keçməyə və vətənimin düşmənlərini məhv etməyə hazıram..."
Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq zabiti Vladislav Ammosov Ukrayna tərəfinə keçib və vacib məlumatla bölüşüb.
Moderator.az xəbər verir ki, o, "Azadlıq Radiosu"na müsahibəsində belə davranışının səbəbləri barədə danışıb.
Əslən Yakutskdan (Rusiyanın Saxa Respublikası) olan Ammosov 15 ildən artıq müddət ərzində Rusiya ordusu və xüsusi xidmət orqanlarında özünə karyera qurub, Çeçenistanda döyüşüb, indi isə rusiyalılara güllə atmağa hazırdır, çünki ölkədəki vəziyyəti sakitcə seyr edə bilmir.
"Keçmiş zabit olmur. Mən elə indi günü bu gün diversiya-kəşfiyyat qrupunda Rusiyanın ərazisinə daxil olmağa və orada düşmənləri məhv etməyə hazıram. Mən öz vətənimin düşmənlərini, bu gün Putin hakimiyyətini dəstəkləyənləri nəzərdə tuturam", - Ammosov deyib.
Ukraynaya düşmək üçün Ammosov 24 fevral 2022-ci ildən sonra Polşanın Vətəndaş Şurasına müraciət edib. Bu siyasi birlik Ukrayna Silahlı Qüvvələrinin tərkibində milli bölmələrin, habelə Rusiyada milli təşkilatlar və vətəndaş müqaviməti sıralarına könüllülərin cəlb edilməsini elan edib. Onunla birlikdə Putin siyasətinin digər əleyhdarları da Rusiyadan gedib, Ukraynada güc strukturlarında bir sıra yoxlamalardan keçib.
Ammosov danışıb ki, əvvəllər əsl imperiyaçı olub, çünki təbliğata inanıb, ona görə də könüllü olaraq ikinci çeçen müharibəsinə yollanıb. Sabiq zabitin sözlərinə görə, bu müharibə "onu bir qədər ayıldıb", o, anlayıb ki, çeçen xalqı öz azadlığı uğrunda döyüşüb.
Çeçen kampaniyası həmçinin Ammosovun rusiyalı zabitlər barədə gözlərini açıb. Onların arasında alkoqoliklər, satqınlar, silah alverçiləri, habelə əsgərləri ölümə göndərənlər az deyil. Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı "dünyanın ikinci ordusu"nun zabit tərkibi yalnız pisləşib.
"Məni həmişə öyrədiblər ki, zabit "ağ sümük", "mavi qan"dır, ölkənin ən yaxşı insanıdır. İndi isə görürəm ki, onuncu sutkadır ki, bu içki düşkünlərini vəziyyətdən çıxarırıq", - Ammosov deyib.
Rusiya Krımı işğal etməyə başlayanda Vladislav artıq Baş Kəşfiyyat İdarəsində xidmətdə olmayıb. Onun sözlərinə görə, o, anlayıb ki, baş verənlər Rusiya Federasiyasının sonunun başlanğıcıdır. Onun sözlərinə görə, artıq "Sibir taboru" yaradılmağa başlayıb və onun məqsədi Rusiya Federasiyası xalqlarının azadlıq haqqının əldə olunmasıdır.
"Siz Rusiyanın parçalanmasından sonra nifrətin dərəcəsini təsəvvür edirsinizmi? İnsanlar yüz illik, iki yüz illik tarixi xatırlayacaq", - sabiq rusiyalı kəşfiyyatçı əminliyini ifadə edib.
O, deyib ki, Rusiyadan fərqli olaraq, Ukraynada bir dəfə də olsun milliyyətinə görə özünə qarşı qərəzli münasibətlə rastlaşmayıb.
"Moskvada və ya Sankt-Peterburqda istənilən rus yakut dilində ünsiyyətdə olduğuna görə səni ittiham edəcək. Ukraynanı faşist dövləti adlandıranda mən ürəkdən gülürəm, çünki dünyada Rusiyadan daha çox faşist dövləti yoxdur", - Ammosov əmin edib.
O, əlavə edib ki, Ukraynada "bir dəfə də olsun ondan pasport soruşulmayıb", amma Moskvada səciyyəvi zahiri görünüşü səbəbindən o, daima polis patrulları tərəfindən saxlanılıb və sənədləri yoxlanılıb. "Məni zabit vəsiqəm xilas edib", - Ammosov danışıb.
Rusiya BKİ-nin sabiq zabiti Rusiya kəşfiyyatının dünyada istənilən dövlətə zərər vura biləcəyini deyib.
"Riyazi modelləşdirmənin köməyilə biz ölkənin iqtisadiyyatında həssas nöqtələri tapırıq və, sadəcə, ölkə iqtisadiyyatını məhv edirik. Buna "kəpənək effekti" və ya "az təsir effekti" deyilir. Biz barmaqlarımızla çırtma vura bilərik və az qala dünyanın o başında işıqlar sönə bilər", - Ammosov bölüşüb.