Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
"Sabah" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş "dənizçilər"in qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. David Qomis adını tabloya yazdırıb. 59-cu dəqiqədə qonaqlar azlıqda qalıblar. Con İrasabal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, Murad Musayevin baş məşqçi olduğu komanda tarazlığı bərpa edə bilib. Emmanuel Apeh 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Qoba Zakpa qoyub.
Qarşılaşma bitdikdən sonra baş hakim İnqilab Məmmədova sərt etiraz edən Murad Musayev ikinci sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticə ilə xallarını 21-ə çatdıran "Səbail" son pillədən xilas olaraq 9-cu yerə yüksəlib. 65 xalı olan "Sabah" isə 2-ci sıradakı mövqeyini qoruyub.
Günün ikinci matçında "Neftçi" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, açılış oyununda "Qəbələ" evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.