Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu, bu problemin beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə müzakirəyə çxıarılması heç kəsə sirr deyil. Demokratiya uğrunda mübarizə aparan siyasilərdən tutmuş vətəndaş cəmiyyəti təşkilatları, jurnalistlərə qədər bir çox ictimai-siyasi xadimləri həbs edən mövcud rejimin bu həbsləri müxtəlif adlar altında pərdələdiyi də məlum həqiqətlər sırasındadır.
Hazırda həbsdə olan
siyasi məhbusların hamısı müxtəlif cinyətlərdə - dələduzluq, xuliqanlıq, silah
qaçaqmalçılığı, narkotik istifadəçisi və s. adlarla həbs edilib ki, bu da həm
ölkə, həm də beynəlxalq ictimaiyətin diqqətini yayındırmaq, bu həbslərə hüquqi
don geyindirmək məqsədi daşıyıb. Məhz buna görə də beynəlxalq təşkilatların
siyasi məhbusların azadlığı ilə bağlı tələbinin əsassız olduğunu iddia edən
hakimiyyət, onların siyasi fəaliyyətinə görə deyil, yol verdikləri konkret
cinayətlərə görə həbs edildiyini, bu səbəbdən də onları azad etməyin mümkünsüz
olduğunu vurğulayır.
Bəli, nə qədər qəribə və
gülünc olsa da hakimiyyət bütün dünyanın aydın bildiyi bir həqiqəti, siyasi məhbus
probleminin mövcudluğunu cidd-cəhdlə danmağa, bunu inkar etməyə çalışır.
Habuki, davamlı olaraq inkarçılıq mövqeyi nümayiş etdirmək, siyasi məhbus
probleminin mövcudluğunu danmaq ölkədə belə bir problemin olmadığını düşünməlk
üçün əsas deyil və ola da bilməz. Çünki bu, gözlə görülən, əllə tutula bilən
bir həqiqətdir. Azərbaycan siyasi məhbus probleminin möğvcudluğunu danmaq, günəşin
mövcudluğu inkar etmək kimi bir şeydir ki, kiminsə buna inanacağını düşünmək
sadəcə sadəlövhlük olardı. Fəqət nə qədər qəribə olsa da hakimiyyət illər
uzunudur ki, məhz bu cür sadəlövh mövqe nümayiş etdirməkdədir və hələ də güman
edir ki, kimlərsə onun bu mövqeyinin səmimiyyətinə inanacaq.
Lakin hakimiyyət
anlamalıdır ki, ölkədəki siyasi məhbus problemi ilk növbədə onun özünə, imicinə,
dünyada və ölkə daixlindəki nüfuzuna zərbə vurur. Siyasi məhbus problemini həll
etmək hər şeydən öncə hakimiyyətin özünün maraqlarına cavab verən bir məsələdir.
Və əgər bir gün hakimiyyət ənənəvi mövqeyindən imtina edərək belə bir cəsarət sərgiləmiş
olsa, o zaman sözün həqiqii mənasında ölkədə siyasi məhbus probleminin mövcud
olmadığını iddia edə biləcək və bu zaman hakimiyyətə inanmamaq üçün heç bir səbəb
qalmayacaqdır.
Səxavət Cabbarov