Milli Məclisin
deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat seçildiyi 106 saylı
Tovuz-Qazax-Ağstafa seçki dairəsinin ərazisində bir sıra görüşlər keçirib. Bu
gün İ.İsmayılov Tovuz rayonunun Aşağı Mülkülü kənd sakinləri ilə görüşərək,
onların vəziyyəti ilə maraqlanıb, təkliflərini dinləyib. Kənd sakinləri ilkin
olaraq deputatlarına təşəkkür ediblər ki, mütəmadi olaraq onlarla görüşə gəlir.
Daha sonra onlar kəndin aşağı hissəsində artezian quyusunun qazılıb istifadəyə
verilməsində göstyərdiyi köməkliyə görə İ.İsmayılova minnətdarlıqlarını
bildiriblər. Qeyd ediblər bu artezianın işləməsi ilə bu yay kəndin su
probleminin azı 30 faizi aradan qaldırılıb. Buna görə kənd sakinlərinin bir
qismi həm bol məhsul əldə ediblər, həm də içməli su ehtiyaclarını ödəyiblər. Kəndin
mərkəzi hissəsində daha bir artezian quyusunun qazılmasına ehtiyac olduğunu
bildirən seçicilər İ.İsmayılovdan bu problemin də həlli üçün müvafiq köməklik
göstərilməsini xahiş ediblər. Ölkə başçısının sərəncamı ilə rayon mərkəzi ilə
Aşağı Mülkülünü birləşdirəcək avtomobil yolunun yenidən çəkiləcəyi xəbərini də
sakinlər razılıqla qarşıladıqlarını bildiriblər.
Daha sonra
İ.İsmayılov kənd sakinlərini maraqlandıran sullara cavab verib. Milli Məclisin
deputatı kimi qanun yaradıcılığı barədə fəaliyyətindən danışıb. Sakinlərin
qarşılaşdıqları problemlərin bir çoxunun öz güclərinə həll edilməsinin
mümkünlüyünü vurğulayaraq, bütün problemlərin dövlətin üzərinə atılmasının
düzgün olmadığını deyib. İ.İsmayılov bunun üçün daxili istək və təşəbbüs lazım
olduğunu bildirib.