Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya reallaşan səfərində bəlli oldu ki, 9 milyonluq Azərbaycanın 77 milyonluq Türkiyənin iqtisadiyyatına qoyduğu investisiya Ankaranın Azərbaycana yatırımından daha çoxdur və bu azmış kimi Azərbaycan yaxın gələcəkdə qardaş ölkəyə daha 17 milyard dollar investisiya qoyacaq.
Bu nə dərəcədə ədalətlidir? Azərbaycan kimi
balaca ölkə Türkiyə iqtisadiyyatına 17 milyard sərmayə qoyursa, 77 milyonluq
qardaş ölkə də ən azı 50 milyard bizim ölkəyə yatırmalıydı, Bakıda, Gəncədə,
Şamaxıda, Yevlaxda, Şəkidə onlarla zavod-fabrik tikməliydi. Amma bu rəqəmlər hələ
ki, 5 milyardı aşmır...
Amma millət vəkili, iqtisadçı ekspert Vahid
Əhmədov bununla razılşamır və Moderator.az-a açıqlamasında Azərbaycanın qardaş ölkəyə bu qədər irihəcmli
kapital qoyuluşunu məntiqli hesab etdiyini bildirir:
“Türkiyə
bizim yeganə qardaş ölkəmizdir və bu ölkə ilə Azərbaycan arasında heç bir
problem yoxdur və heç olmamalıdır. Azərbaycanın dövlət başçısı iqtisadi sahədə
də çox uzaqgörən siyasət yürüdür və sərmayə qoyuluşunda yeganə güvəndiyimiz ölkə
olan Türkiyəyə arxalanır. Əlbəttə, son illər neft-qa sektorundan gələn gəlirlərimiz
artdıqca Azərbaycan bir sıra Avropa ölkəsinə də sərmayə qoymağa başlayıb. Amma
təbii ki, Türkiyəyə qoyulan investisiyaların həcmi müqayisəolunmazıdır. Mənə elə
gəlir ki, burada rəsmi Bakının Ankaraya bir dost-qardaş köməyindən də danışmaq
olar ki, bununla Türkiyə iqtisadiyyatının inkişaf etməsinə də öz töhfəmizi
veririk. Etiraf edilməlidir ki, son dövrlər Türkiyə də Azərbaycana sərmayə
qoyuluşunu artırıb. Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyənin Azərbaycana
investisiyalarında artımlar olacaq və biz bunu hiss edəcəyik.”
Bəlkə Azərbaycanda korrupsiyanın səviyyəsi
türk sərmayəsinin daha sürətlə Azərbaycan bazarına daxil olmasını tormazlayır?
Millət vəkili deyir ki, buna inanmır:
“Korrupsiya olmayan dövlət yoxdur. İnanmıram
ki, Azərbaycandakı türk sərmayəsi korrupsiya yeminə məruz qala. Burada daxili
bazarın öz qanunauyğunluğu və şərtləri olduğundan bir çox hallarda türk
investorları daha çox yatırım etməyə maraq göstərmirlər. Amma bu korrupsiya ilə
bağlı deyil, bazarın diqtə etdiyi reallıqlarıdır ki, onunla hesablaşmaq
lazımdır.
Yeri gəlmişkən,
bu yaxınlarda dünya İqtisadi Forumunun qlobal rəqabət indeksi dərc olunub. Azərbaycan
MDB dövlətləri arasında birinci yerdə dayanıb. Amma orda 12 göstərici var və
onlardan biri korrupsiya ilə əlaqəlidir. Təəssüf ki, həmin göstəricidə Azərbaycan
geri qalır. Doğrudur, son illər korrupsiyaya qarşı müəyyən işlər görülür, amma
problemlər qalmaqdadır. Əsas problemlər də iri lahihələrin həyata keçirilməsindəki
şəffaflığın təmin edilməməsi və buna nəzarətin zəif olmasıdır.”