Avqustun ilk günlərində erməni hərbçilərinin hücumunu dəf edən zaman yaralanan üç əsgərimizin Türkiyəyə göndərilməsi və bunun ardınca qardaş ölkənin bir çox rəsminin, eləcə də xarici işlər naziri Əhməd Davudoğlunun onlara baş çəkməsi cəmiyyətdə böyük məmnunluq hissi ilə qarşılandı. Türkiyəli yetkililər bununla sadəcə olaraq Azərbaycana olan sevgilərini deyil, həm də bütövlükdə əsgərə verdikləri önəmi nümayiş etdirdilər. Lakin təəssüflər olsun ki, nə bu olaydan öncə, nə də bundan sonra müdafiə naziri Zakir Həsənov istisna olmaqla Azərbaycandakı məmurlardan heç biri yaralı hərbçilərimizi və ya onların ailələrini ziyarət etmədi. Halbuki, ən azından Ə.Davudoğlunun yaralı əsgərlərimizə baş çəkməsindən sonra bəzi məmurların “abrına qısılıb” Azərbaycandakı digər yaralı hərbçilərimizi ziyarət edəcəyi, bundan heç deyilsə ölkə başçısına yarınmaq məqsədilə də olsa istifadə edəcəyi gözlənilən idi. Lakin bu baş vermədi. Əksinə, məmurlarımızın davranışından belə məlum oldu ki, yaralı hərbçilərimizin onlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Türkiyəli məmurların özünə borc bildiyi bir məsələdə Azərbaycan məmurlarının barmaq qımıldatmaması ölkəmizdə əsgərə, orduya yanaşmada ciddi problemlərin olduğunu isbatladı. Baş verənlər göstərdi ki, gecə-gündüz səngərdə düşmənlə üzbəüz dayanan, zaman-zaman erməni snayperlərinin hədəfinə çevrilən hərbçilərimizin önəmi, bir əsgərin vətən və dövlət üçün əhəmiyyəti ilə bağlı Azərbaycanın məmur elitasında hələ də aydın təsəvvür yoxdur.
Əsgər kimdir? Əsgər sadəcə olaraq vətənin müdafiəçisi, onun keşikçisi deyil. Əsgər həm də bizim milli şərəfimizin, qürur və ləyaqətimizin, namus və qeyrətimizin təmsilçisidir. Əsgər o kəsdir ki, öz yaşamı hesabına bizim yaşamımızı təmin edir. Əsgər o kəsdir ki, bütün ümidlər tükənəndə hamının nəzəri istisnasız olaraq ona dikilir. Əsgər o kəsdir ki, həyatını, şərəfini ona etibar edən xalqı bütün varlığı ilə təmənnasız olaraq qoruyur. Əsgər o kəsdir ki, hətta qayğısız, baxımsız qaldığı vaxtda belə heç bir məhrumiyyət, heç bir sarsıntı onu vətənin müdafiəsindən imtina etməyə vadar edə bilmir.
Şübhəsiz, vətəni qorumaq, onu təhdid edən bütün təhlükələrə süngü ilə cavab vermək əsgərin borcudur. Lakin məmurlarımız da daxil hər bir kəsin də əsgər qarşısında öz borcu var. Əsgərin vətənin müdafiəsində təmənnasız dayanmağı bizi ona öz təşəkkür və ehtiramımızı ifadə etmək borcundan azad etmir. Hərbçilərimizin qayğısına qalmaq, onlara daim hörmət və ehtiram göstərmək, yaşamımızı təmin edən insanların yaşamına, problemlərinin həllinə kömək etmək yaşından, vəzifəsindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin müqəddəs borcudur. Hansı ki, Azərbaycanda bu mənada çox az adamın öz borcuna sadiqliq göstərdiyi müşahidə edilir.
Və bir şeyi də unutmaq olmaz ki, hər bir kəs kimi əsgərin də ona olan münasibətə cavab olaraq öz minnətdarlığını ifadə etmək və ya tüpürmək haqqı mövcuddur. O zaman ki, əsgər vətən qarşısındakı xidmətinin qarşılığını adi bir təşəkkürlə belə olsun ala bilmir, o zaman ki, kimlərsə ondan öz siyasi oyunbazlığında alət kimi istifadə edir, o zaman ki, onun qayğısına öz doğma ölkəsinin deyil, tamam başqa ölkənin məmurları qalır, o zaman ki, postda dayanan əsgərin ailəsi acından dilənməyə məcbur olur, o zaman ki, sağlamlığını vətənə qurban verən əsgərin fədakarlığı adi bir maymaqlıq kimi dəyərləndirilir ”“ bax o zaman əsgər avtomatik olaraq tüpürmək imtiyazı əldə edir. Məhz bu nöqtədə əsgər ona xor baxan hər kəsə tüpürmək, bütün qəzəb və nifrətini bu yolla qusmaq haqqına sahibdir və kimsə ona bunu yasaqlaya bilməz.
PS.Hərçənd mən hətta bu nöqtədə belə əsgərin onun əmək və fədakarlığını görməzdən gələn məmurlara tüpürməsinin əleyhinəyəm. Çünki mən yaxşı bilirəm ki, vətəni həyatı bahasına qoruyan əsgərin tüpürcəyi belə xalqa zülm edən məmur üçün həddindən ziyadə böyük şərəfdir.
Seymur Əliyev
e-mail:seymur_dq04@mail.ru