ADP sədri Sərdar Cəlaloğlunun AXC-nin 25 illik yubileyində üzləşdiyi xoşagəlməz hadisəyə - partiya sədrinin nitqinin şüar və fit sədaları ilə yarıda kəsilməsinə ölkə siyasilərinin verdiyi qiymət bəllidir. Lakin bununla belə məlum olayla bağlı bəzi məqamlar var ki, bu məqamların şərhi nəinki faydalı, həm də olduqca zəruridir.
Öncə onu qeyd edək ki, S.Cəlaloğlu tədbirə qonaq qismində dəvət edildiyi və tədbirlə bağlı bütün məsuliyyəti təşkilatçı tərəf kimi AXCP öz üzərinə götürdüyü üçün, ADP sədrinə qarşı yol verilən ən kiçik hörmətsizlik belə AXCP-yə və ya bu partiyanın özünün özünə qarşı hörmətsizliyi kimi dəyərləndirilməlidir. Bu məsələnin bir tərəfi. İkincisi, baş verənlər iqtidarı hər addımda siyasi dözümsüzlükdə ittiham edən AXCP-nin özünün demokratiyadan kifayət qədər uzaq olduğunu, nəinki normal, ədalətli siyasi rəqabətə, hətta adi bir nitqi sona qədər dinləmək mədəniyyətinə belə sahib olmadığını təsdiqlədi. Üçüncüsü, yaşananlar sübut etdi ki, AXCP-ki bəzi qüvvələr öz intellektinə, siyasi debat qabiliyyətinə etibar etmir və bu səbəbdən də S.Cəlaloğlunun məntiqi ardıcıllıqla təqdim edtiyi faktlara qarşı öz etirazını eyni siyasi təmkin və bacarıqla, siyasi mülahizələrlə deyil, eyniylə qaragürühçu kütlə kimi boş hay-küy, fit və qışqır-bağırla qarşılıq verir.
Dördüncüsü, yubiley tədbirində baş verənlər təsdiq etdi ki, ölkənin aparıcı müxalif partiyalarında biri olan AXCP-də hələ də siyasi etikanın prinsiplərinə əməl etmək baxımından ciddi problemlər mövcuddur. Çünki məhz siyasi etikanın tələbləri tribunada çıxış edən şəxsin öz fikirlərini rahat bir şəkildə ifadə etməsinə şərait yaratmağı tələb edir ki, AXCP üzvləri S.Cəlaloğlunun nitqini fitə basmaqla bu tələbi də gözardı etdiklərini təsdiq etdilər. Beşincisi, bu olay göstərdi ki, AXCP-də Stalin dönəminə xas prinsiplər fəaliyyət göstərməkdədir və bu prinsiplərin ən ümdəsi “kim bizimlə deyilsə bizə qarşıdır” müddəasıdır. Hər halda, AXCP barəsində tərif səsləndirməyən, hadisə və proseslərə fərqli rakursdan baxan hər kəsin fitə basılması gerçəyi sözügedən partiyanın bu prinsiplə fəaiyyət göstərdiyini isbatlayır.
Şübhəsiz, baş verən olaydan çıxarılacaq nəticələr bununla bitmir və Azərbaycan siyasi həyatı üçün ləkə olan bu olay özündə daha bir neçə həqiqəti ehtiva edir. Lakin məlum hadisə ilə bağlı ən çox diqqət çəkən məqam fit səslərinin S.Cəlaloğlunun Azərbaycan tarixinə nəzər saldığı, Şah İsmayıl Xətai, Nadir şah, Səttərxan və digər tarixi qəhrəmanlarımızın xidmətlərini xatırlatdığı məqamda eşidilməsidir. Fit səsləri o zaman eşidildi ki, S.Cəlaloğlu Azərbaycan tarixinin yalnız M.Ə.Rəsulzadədən, Ə.Elçibəydən, Ə.Kərimlidən ibarət olmadığını anlatmağa çalışırdı. S.Cəlaloğlu anlatmağa çalışırdı ki, Azərbaycan dövlətçiliyinin tarixi kifayət qədər qədimdir və bu tarixi Rəsulzadə və ya Elçibəylə əlaqələndirmək tarixi saxtalaşdırmaq, digər tarixi şəxsiyyətlərin xidmətini danmaq, onların haqqına girmək deməkdir. Bu səbəbdən də, fit müəllifləri heç deyilsə Azərbaycan tarixinə hörmət etməli, onlara tarixi boyasız və yalansız ”“ necə varsa eləcə anlatmağa çalışan partiya sədrini dinləmək mədəniyyəti sərgiləməli idilər. Lakin təəssüf ki, bu baş vermədi və S.Cəlaloğlu tarixi tarix kimi təqdim etdiyi üçün fitə basıldı. Odur ki, AXC-nin yubiley tədbirində S.Cəlaloğlunun nitqinə verilən fiti tariximizə verilən fit kimi dəyərləndirmək daha doğrudur. Öz tarixinə fit verən insanların öz xalqı və vətəni üçün nə dərəcədə faydalı olacağını şərh etmək isə sözsüz ki, mənasızdır.
Seymur Əliyev
E-mail: [email protected]