Həmyerlilərimizin erməni separatçıları tərəfindən həbs edilməsinə göz yummaq bizim vətənə sevgimizin həddi ilə birbaşa bağlıdır. Çünki onlar öz doğma el-obalarını ziyarət edərkən girov götürülüblər və məlumata görə separatçılar əsirlərlə insan haqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş və girovlara şamil edilən hüquq normalarının heç bir tələbinə əhəmiyyət vermədən davranacaqlarını bildiriblər.
Əslində mülki şəxslərin girov götürülməsi , onlara qarşı zorakılıq və işgəncə ümumiyyətlə bütün qanunlara ziddir, üstəlik o halda ki, həmin adamlar öz mənəvi və hüquqi baxımdan bağlı olduqları doğma vətənlərində girov götürülələr. Əgər onlar Ermənistan ərazisində yaxalansaydı onda əsirlərlə kəşfiyyatçı kimi davranmaq olardı.
Bu gün Azərbaycan rəsmiləri hər məclisdə ölkəmizin qüdrətindən, regional nüfuzundan dəm vururlar. Ordumuzun büdcəsinin Ermənistanın bütün büdcəsindən çox olduğunu bildirirlər. Nə qədər güclü və təsirli olduğumuz isə Kəlbəcərdə əsir düşmüş vətəndaşlarımızın azadlığına nail olacağımız zaman ortaya çıxacaq. Zira hər bir dövlət öz vətəndaşına nə qədər sahib çıxmağı bacarırsa bir o qədər böyük güc hesab olunur.
Bir çoxlarımız ABŞ ”“ı bəyənmirik. Amma insan ləyaqətinə və hisslərinə böyük önəm verən bu super dövlət bir vətəndaşına görə müharibə elan etməkdən belə çəkinməzdi. Məhz buna görə də ABŞ həqiqətən də super dövlət olmağa layiqdir və oldu. Biz isə 10- larla belə hadisəyə münasibətsiz ötüşə bilirik. Kim bilir, bəlkə də məhz bu səbəbdən də mütəşəkkil xalq və güclü dövlət olmağı bacarmırıq. Bu mənada hər bir ABŞ vətəndaşının hər axşam özünə “Mən bu gün Amerika üçün nə etdim?” sualını verməsi təsadüfi deyil.
Mən ictimaiyyətə və dövlət rəsmilərinə səslənirəm-xahiş edirəm, olduqca ağır durumda olan həmvətənlərimizin hal-hazırda yaşadığı dəhşətli hisslərə və iztirablara laqeyd və soyuq münasibət göstərilməsin. Əldən gələn bütün vasitələrdən istifadə olunsun. Ən azı ona görə ki, nə Dilqəm Əhmədov, nə də Şahbaz Quliyev Kəlbəcər dağlarını gəzdikləri üçün əsir götürülməyiblər. Onların əsir götürülməsinin yeganə səbəbi azərbaycanlı olmalarıdır. Bəlkə də bu şəxslərin yerinə hansısa fransız, ingilis və ya fars olsaydı, ermənilər təbiətin qoynuna səyahətə çıxan bu adamları gül-çiçəklə qarşılayardılar. Dilqəm Əhmədov və Şahbaz Quliyev isə bu təbiət və vətən sevdalarının qurbanı olublar. Odur ki, bu adamların azadlığına nail olmaq bizim hər bir vətəndaşımızın və dövlətimizin müqəddəs borcu olmalıdır. Əks halda bu qardaşlarımızın bizdən inciməyə, küsməyə kifayət qədər haqları olacaq.
Artıq onlar üçün iki qərar var, biri vətənə sevgi və ona güvənmək, ikincisi isə vətənə və özünə nifrət. Vətəndaşı doğma vətənindən küsdürməkdən daha ağır zülm ola bilməz. Əgər özünüzü onun yerində təsəvvür etməyi bacarırsınızsa, buyurun, onların taleyinə biganə qalın.
Biz sübut etməliyik ki, Dilqəm Məmmədov və Şahbaz Quliyev doğma Kəlbəcər torpağında Azərbaycan bayrağını dalğalandırmaqda heç bir səhv etməyiblər.