İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul “Media forum” saytına deyib ki, gəlirlərinin əksər hissəsinin ərzağa yönəldilməsi yoxsulluq əlamətidir: “Bunu hansısa ölkədə ərzağın baha olması ilə əlaqələndirməyin iqtisadi əsası yoxdur. Hətta nisbi yoxsulluqlla bağlı bəzən belə yanaşmalardan istifadə olunur ki, gəlirlərinin üçdə ikisini ərzağa xərcləyən ailə birmənalı olaraq yoxsuldur.
Mövcud minimum istehlak səbətindəki hər üç komponent üzrə məhsulları və xidmətləri faktiki qiymətlərə çevirsək görərik ki, hər üç kateqoriya (əmək qabiliyyətlilər, pensiyaçılar və uşaqlar) üzrə aylıq xərclərin cəmində ərzağın xüsusi çəkisi 60 faizdən az deyil.
Rəsmi statistikaya inansaq, hazırda Azərbaycanda əhalinin 5 faizi yoxsuldur. Kölgə iqtisadiyyatının güclü olduğu Azərbaycan kimi ölkələrdə əhalinin gəlirlərinin real həcmini müəyyənləşdirmək çox çətin olduğundan rəsmi statistik göstəricilər əksər hallarda reallığı əks etdirmir. Ancaq Azərbaycan əhalisinin əksər hissəsi gəlirlərinin önəmli hissəsini ərzağa xərcləsə belə, ölkəmizin Pakistan və İndoneziya kimi yoxsul ölkələrlə müqayisəsi düzgün deyil. Belə müqayisələr qüsurludur. Əhalinin həyat səviyyəsini müqayisə etmək üçün mütləq daha real göstəricilər sistemindən istifadə etmək lazımdır”.