“Təbrikiniz üçün çox sağ olun. Bu gün yubileyimlə bağlı Cənab Prezidentin məni “Şöhrət” ordeniylə təltif etməsini eşidəndə çox sevindim. Yetmiş yaşımıza qədər boş-boşuna gəlib çıxmamışıq, həm də ki, ən böyük hədiyyə Cənab Prezidentin mənim yaradıcılığıma verdiyi qiymətdir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Eldar Mansurov deyib. Bəstəkar yaradıcılığından da söz açıb və yaradıcılığının əsas qayəsinin vətən olduğunu bildirib:
“Hamıya çox minnətdaram. Hamının qarşısında baş əyirəm ki, mənim yaradıcılığıma belə qiymət verirlər. Mən hər zaman yaradıcılıqla məşğul olmuşam. İnsan son nəfəsinə qədər çalışır. Mən həm birinci Qarabağ müharibəsi dövründə, həm də Vətən müharibəsində kifayət qədər işlər görmüşəm. Kifayət qədər mahnılar yazmışam, televiziya verilişlərində iştirak etmişəm. Bir bəstəkar kimi bacardığım qədər musiqiləri yazıb ifaçılara verirdim və hamısı da ifa edirdilər. Mənim yaradıclığımın əsas təsvir nöqtəsi vətənimdir, Azərbaycandır, vətən mahnılarıdır. Ordumuza, xalqımıza həsr etdiyim mahnılardır”.
Qeyd edək ki, Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub. E.Mansurov 1952-ci il fevralın 28-də Bakıda anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
Vasif Əlihüseyn