Nə özünü, nə bizi yor, Avropa!
Dəyişdirməz bizi nə söz, nə zopa,
Az bizləri tənə ilə tut topa.
Hər atəşə sinə gərən millətik.
Biz haramı halal görən millətik.
Yüzillərdir, düzəltmədi din bizi,
Düzəltməyi düşünürsən sən bizi?
Fars, rus mindi, sən də buyur, min bizi,
Yedəklərdə ömür sürən millətik,
Biz haramı halal görən millətik.
Çoxdan sönüb üzümüzün ziyası,
Gördüyün nur-saxta sifət boyası.
Rüşvət bizim özümüzün mayası;
Allaha da rüşvət verən millətik.
Biz haramı halal görən millətik.
Nə düşübsən bu millətin peşincə?-
Yaddır bizə sən dediyin düşüncə.
Bəzən hətta halımızı görüncə
Düşünürsən, biz də görən, millətik?
Biz haramı halal görən millətik.
Bir yerdə ki, saxtakarlıq taxtdadır,
Haqq axtarma, orda haqq da saxtadır.
Haramxorluq boynumuzda noxtadır,
Yüz sifətə, cildə girən millətik.
Biz haramı halal görən millətik.