Ukrayna üzərində Rusiya ilə Qərb və ABŞ arasında gedən mübarizə səngiməmiş, dünyada diqqəti çəkən ikinci bir problem üzə çıxdı. Özünü İraq və Şam İslam Dövləti (İŞİD) adlandıran silahlılar İraq ərazisinə soxularaq şəhərləri işğal etməyə başlayıb. Sanki heç kimin xəbəri olmadan yaradılmış ciddi bir silahlı qrup dünya düzəninə meydan oxuyur. O sürətli hücumları ilə hətta İraqın ikinci böyük şəhəri olan Mosulun da bir hissəsini ələ keçirib. Üstəlik irəlilədiyi bölgə türkmənlərin yaşadığı ərazilərdir. Bu da məsələnin həssaslığını bir qədər də artırır.
Dünya mətbuatı İŞİD-i elə təqdim edir ki,
sanki bu qüvvələr ya yerdən çıxıb, ya da göydən düşüb. Pakistanda Ben Ladenin
yaşadığı evi tapan ABŞ kəşfiyyatının azı 12 min əsgəri olan bu qruplaşmanın
formalaşmasından və məqsədindən xəbərsiz olduğu təəssüratı yaradılır. Müsəlmanlara
qarşı daim ayıq-sayıq mövqe tutan, onların hər bir hərəkətini izləyən İsrailin
“Mossad”ının da bundan xəbərsiz olduğu inandırıcı ola bilməz. Axı xeyli vaxtdır
bu qüvvələr Suriyada döyüşür, təşkilatlanır və ən mühümü isə maliyyə mənbələrinə
sahib olaraq silah əldə edə bilir. Bundan isə dünyada maliyyə və terror təhlükəsi
üzərində ciddi nəzarət həyata keçirən qüvvələr xəbərsiz olur. Heç inandırıcı
deyil.
Deməli, artıq yeni, ağıla gəlməyən və həm də çox təhlükəli daha bir
oyun başlayıb. Bunu ABŞ prezidenti B.Obamanın İŞİD-ə müdaxilə etməyəcəkləri
haqqında bəyanatı da sübut edir. Obama həqiqəti gizlətmir, deyir ki, bu
hadisədə çox ciddi bir məzhəb qarşıdurması riski var. “Sünni-şiə müharibəsi
yarana bilər.” Əslində Obama bu ifadələrlə hamının gördüyünü ifadə edərək səmimi olduğunu göstərməyə çalışır.
Beləliklə, əsl mahiyyəti gizlədir. Liviyanı demokratiya uğrunda bombardman
edən, Qəddafini öldürtən ABŞ və onun müttəfiqlərinin İraqda silahlı
qruplaşmanın dinc insanları öldürməsinə seyriçi reaksiyası qəribə görünürmü?
Müşahidələr
göstərir ki, İŞİD o qədər də güclü qruplaşma deyil. Sadəcə onun üçün yazılan
ssenari olduqca mükəmməldir və insan hisslərini və bölgə maraqlarının bütün
detallarını nəzərə ala bilib. İŞİD-in ssenarisini isə müsəlmanlar işləməyib,
aydın olan budur. Öz müsəlman qardaşını din və Allah uğrunda öldürən İŞİD-çilər
bir köynək daha uzaq olan xristianlara qarşı belə addım atmırlar. Maraqlı
deyilmi?
Zənnimcə,
İŞİD-in indi ortaya çıxarılmasının bir neçə məqsədi ola bilər. Birincisi, bu
müsəlman dünyasını parçalamaq və zəiflətmək niyyətilə ola bilər. Çünki şiələrlə
sünnülər arasında uçurumu və anlaşılmazlığı dərinləşdirəcək. Artıq müsəlman
ölkələrinin reaksiyasından bunun ilkin əlamətlərini görmək olur.
İkincisi,
türk dünyası ilə müsəlmanlar arasında gərginlik yaratmaq, türklərlə ərəb
müsəlmanları arasında yaranmaqda olan həmrəyliyə zərbə vurmaq. Göründüyü kimi
İŞİD ordusu türkmənlərin yaşadığı əraziləri işğal edir, onları öldürür.
Üçüncüsü,
ABŞ-ın Avropa Birliyi ölkələrinə təhdidi ola bilər. Çünki ABŞ-ın bütün
cəhdlərinə baxmayaraq AB Rusiya ilə açıq konflikdən qaçmağa çalışır. Ona görə
də İŞİD-in yaxın günlərdə qarşısı alınmasa
İraq neftinin böyük bir hissəsi onun nəzarəti altına keçəcək. Bu isə
neftin dünya bazarında qiymətinin qalxmasına səbəb olaraq Avropanın
iqtisadiyyatında yeni böhran yaradar. Ona görə də ABŞ hələ ki, neytal qalmaqla
Avropa ölkələrinə təzyiq edir demək olar.
Dördüncüsü,
ehtimalı az olsa da bu Rusiyanın da proyekti ola bilər. Praktikada belə şeylər
çox olub, hətta Fransada yaşayan Xomeyni sovet təyyarəsi ilə İrana qayıdıb və
bu ölkəni SSRİ ilə müttəfiqə çevirib. İŞİD-in mövcudluğu Rusiyaya opponentlərinə yanacaqla bağlı
təzyiqlər etmək imkanı verər və neftin qiymətinin süni şəkildə aşağı
düşürülməsinin qarşısını alar ki, bu da ölkə iqtisadiyyatını beynəlxalq
təhdidlərdən qoruyar.